ABŞ, Rusiya və Çin liderləri görüşəcək - SƏBƏBLƏR

DÜNYA
12:55 / 10.09.2026
256

Dünya gündəmində sürpriz bir sammitin keçirilməsi var.

Söhbət ABŞ, Rusiya və Çin liderləri arasında keçirilməsi ehtimal olunan görüşdən gedir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

Onun sözlərinə görə, Kreml və Ağ Ev rəhbərləri 8 sentyabrdakı telefon danışığı zamanı Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya-ABŞ-Çin üçtərəfli sammitinin keçirilməsi imkanlarını müzakirə ediblər. Sözügedən sammitin isə 18-19 noyabrda Çində keçirilməsi nəzərdə tutulur.

Maraqlıdır, belə bir üçtərəfli sammitin keçirilməsi nə üçün gündəmə gəlib? Bu sammitdən gözləntilər nələr ola bilər? Əzəli rəqiblər nə üçün bir araya gəlirlər?

Mövzu ilə bağlı politoloq Anar İsayev Hit.az-ın suallarını cavablandırıb.

O bildirib ki, belə bir sammitin gündəmə gəlməsi təsadüfi deyil:
“Rusiya-ABŞ-Çin üçlüyü hazırda dünya siyasətində həm rəqabətin, həm də qlobal qərarların əsas mərkəzlərindən birini təşkil edir. Bu formatda görüş ideyası ilk növbədə, qarşıdurmanı aradan qaldırmaqdan çox, rəqabətin idarə olunması və yeni dünya nizamının əsas qaydalarının müzakirəsi baxımından əhəmiyyətlidir.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Rusiya-ABŞ-Çin üçtərəfli sammitinin keçirilməsi imkanını müzakirə etməsi beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi siyasi mesajdır. Çünki söhbət sadəcə üç dövlət rəhbərinin görüşündən deyil, dünyanın üç mühüm güc mərkəzinin eyni masa arxasında qlobal problemləri müzakirə etməsindən gedir”.

Ekspert bu ideyanın niyə məhz indi gündəmə gəldiyini isə belə izah edib:
“Birincisi, dünya siyasətində əvvəlki ikiqütblü və ya nisbətən sabit çoxqütblü model sürətlə dəyişir. ABŞ və Çin arasında strateji rəqabət, Rusiya ilə Qərb arasındakı qarşıdurma, Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, enerji və nəqliyyat təhlükəsizliyi göstərir ki, qlobal problemlərin həllində bu üç dövlətin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

İkincisi, Vaşinqton üçün Çinlə rəqabətin idarə olunması əsas strateji məsələlərdən biridir. ABŞ bir tərəfdən Çinin iqtisadi və texnoloji yüksəlişini məhdudlaşdırmağa çalışır, digər tərəfdən Pekinlə birbaşa hərbi qarşıdurmaya yol verməməyə çalışır. Belə şəraitdə Rusiya faktoru da ABŞ-Çin münasibətlərində ayrıca əhəmiyyət qazanır”.

Onun sözlərinə görə, Moskva baxımından isə belə format Rusiyanın qlobal güc kimi statusunun nümayiş etdirilməsi üçün mühüm platforma ola bilər:
“Rusiya Ukrayna məsələsində Qərblə kəskin qarşıdurma yaşasa da, Moskva özünü yalnız Avropa təhlükəsizliyinin deyil, daha geniş qlobal təhlükəsizlik sisteminin iştirakçısı kimi təqdim etməyə çalışır.

Çin üçün isə əsas məsələ dünyada ABŞ-nin dominant olduğu sistemdən daha çoxqütblü modelə keçidin dərinləşdirilməsidir. Pekin üçün Moskva ilə strateji tərəfdaşlıq, Vaşinqtonla iqtisadi və texnoloji rəqabət şəraitində əlavə geosiyasi imkanlar yaradır”.

Anar İsayev ehtimal olunan sammitdən gözləntilər barədə isə bunları deyib:
“Belə görüşdən birbaşa böyük saziş və ya üç ölkə arasında strateji ittifaq gözləmək real deyil. Əksinə, əsas məqsəd bir-birinin “qırmızı xətlərini” daha aydın müəyyənləşdirmək və qarşıdurmanın nəzarətdən çıxmasının qarşısını almaq ola bilər. 

Gündəliyin mümkün istiqamətləri arasında Ukrayna müharibəsi və Avropa təhlükəsizliyi; ABŞ-Çin strateji rəqabətinin idarə olunması, nüvə və strateji silahlar üzrə risklərin azaldılması, Yaxın Şərqdə təhlükəsizlik, enerji və qlobal nəqliyyat marşrutları,süni intellekt və yüksək texnologiyalar, beynəlxalq ticarət və maliyyə sistemi, habelə BMT və beynəlxalq təhlükəsizlik mexanizmlərinin gələcəyi kimi məsələlər dayana bilər”.

Politoluq vurğulayıb ki, rəqiblərin bir araya gəlməsi onların dostlaşması demək deyil: 
“Əksinə, böyük güclər arasında dialoq ən çox məhz münasibətlərin gərgin olduğu dövrlərdə lazım olur. Çünki nüvə silahına malik dövlətlər arasında rəqabətin idarə olunmaması bütün dünya üçün təhlükə yarada bilər. Bu baxımdan Rusiya, ABŞ və Çinin bir masa arxasında əyləşməsi həm də qarşılıqlı mesajlaşma mexanizmi rolunu oynaya bilər. Liderlər bir-birlərinə hansı məsələlərdə güzəştə getməyin mümkün, hansı məsələlərdə isə qəbuledilməz olduğunu birbaşa çatdıra bilərlər.

Əsas məsələ isə yeni dünya nizamıdır. Əslində belə sammitin ən mühüm potensial nəticəsi konkret bir sənəddən daha çox, dünyanın üç əsas güc mərkəzinin gələcək beynəlxalq sistem barədə təsəvvürlərinin müəyyənləşdirilməsi ola bilər. ABŞ mövcud liderliyini qorumaq, Çin daha çoxqütblü dünya qurmaq, Rusiya isə özünün böyük güc statusunu və strateji təsir imkanlarını möhkəmləndirmək istəyir. Bu maraqlar bir çox məsələdə toqquşur. Lakin paradoks ondan ibarətdir ki, məhz bu rəqabət onların dialoqa ehtiyacını artırır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu səbəbdən də Rusiya-ABŞ-Çin sammitini “əzəli rəqiblərin barışması” kimi deyil, böyük güclərin rəqabəti idarə etmək cəhdi kimi qiymətləndirmək daha doğru olar:
“Əgər belə görüş baş tutarsa, onun əsas siyasi mesajı bu ola bilər: XXI əsrin qlobal problemlərini yalnız bir dövlətin iradəsi ilə həll etmək mümkün deyil. Dünya siyasətində yeni qaydaların formalaşmasında ABŞ, Çin və Rusiyanın mövqeləri nəzərə alınmadan dayanıqlı model yaratmaq getdikcə daha çətinləşir. Bu mənada üçtərəfli sammit təkcə Moskva-Vaşinqton-Pekin münasibətlərinə deyil, bütün beynəlxalq sistemin gələcək arxitekturasına dair mühüm siqnal ola bilər”.

Elmir Mustafa

0