“Vallah”, “Allaha and olsun”, “Qurana and olsun” – gündəlik söhbətlərdə bu ifadələrə tez-tez rast gəlirik.
Bəzi insanlar dedikləri sözə qarşı tərəfi inandırmaq üçün az qala hər cümləsində and içir, bəziləri isə andın yalnız ciddi və zəruri hallarda işlədilməli olduğunu düşünür. Hətta elə insanlar var ki, and içməyi sözünə inam yaratmağın ən təsirli yolu hesab edir.
Bəs insanın hər məsələdə and içməsi nə dərəcədə doğrudur? Tez-tez and içmək dini baxımdan günah sayılırmı və müqəddəs adlardan gündəlik danışıqda istifadə etməyin hökmü nədir?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam dinində çox and içmək doğru hesab olunmur:

“Yalnız şübhə doğuran həqiqətləri sübut etmək üçün istifadə olunur. Hətta qəzavət, məhkəmə zamanı doğru danışacağına söz verərkən Allaha üç dəfə and içilir. İslam hüququna görə Allaha yalandan and içmək böyük günahdır. Bu işi görən adam tövbə etməli, üç gün oruc tutmalıdır.
“Nəhl” surəsi 94-cü ayədə buyurulur: “Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar”. Ayədə qeyd olunduğu kimi and içməyi adi hala çevirmək, yalandan and içmək olmaz. And Allahı bir şeyə şahid göstərmək deməkdir”.
İlahiyyatçı qeyd edib ki, tez-tez and içmək isə yalançılıq əlamətidir:
“İslama görə Allahdan başqasına and içmək doğru hesab olunmur. Hətta Qurana, Peyğəmbərə də. Bəzən ocaqlara, pirlərə, seyidlərə, övliyalara and içilir. Bu kimi əməllər Allaha şərik qoşmaq kimidir.
İslamda yalnız və yalnız Allaha and içmək məqbul hesab olunur. Onu da dildə alətə çevirmək, yeri gəldi - gəlmədi istifadə etmək günahdır. Müqəddəs dəyərlərdən gündəlik həyatda sui-istifadə etmək, o dəyərləri adiləşdirmək dinin mahiyyətinə ziddir”.
Sevinc


