Avtomobil almaq istəyənlər üçün əsas sual artıq “Hansı modeli seçim?” deyil, “Bu avtomobili almağa büdcəm çatacaqmı?” sualına çevrilir.
Yeni avtomobillərin qiymətləri yüksək olaraq qaldıqca, birinci əl avtomobil almaq istəyənlərin bir qismi seçimlərini dəyişərək ikinci əl bazarına üz tutur. Nəticədə həm alıcının qarşısındakı seçim daralır, həm də avtomobil bazarında gözləmə mövqeyi güclənir.
Bəs yeni avtomobilləri Azərbaycan alıcısı üçün daha əlçatan etmək mümkündürmü? Qiymətlərin aşağı düşməsi üçün hansı mexanizmlərə yenidən baxılmalıdır və birinci əl avtomobil bazarını canlandırmaq üçün hansı addımlar atıla bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında müşahidə olunan zəiflik əsasən mövsümi xarakter daşıyır:

“Hazırda alıcı və satıcıların fəallığı əvvəlki dövrlərlə müqayisədə aşağıdır. Lakin payız aylarından etibarən bazarda hərəkətliliyin artması və avtomobil alqı-satqısının canlanması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda avtomobil bazarında aktivliyin ilin müəyyən dövrlərində yüksəlməsi artıq müşahidə olunan tendensiyadır”.
Ekspert bildirib ki, avtomobillərin qiymət dinamikasında isə bütün modellər üzrə eyni mənzərə formalaşmayıb:
“Xüsusilə hibrid və elektriklə işləyən yeni avtomobillərin idxal qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb. Bu kateqoriyada qiymətlərin təxminən 18 faiz yüksəlməsinin əsas səbəblərindən biri tətbiq olunan güzəştlərin müddətinin başa çatması ilə bağlıdır.
Digər tərəfdən, benzin və dizellə çalışan yeni avtomobillərdə eyni miqyasda bahalaşma müşahidə edilmir. Köhnə avtomobillər üzrə isə fərqli vəziyyət yaranıb. Yaşı 7 ildən artıq olan nəqliyyat vasitələrinin idxalı zamanı mühərrik həcminə əsasən hesablanan aksiz yükünün artması bu avtomobillərin qiymətinə də təsir göstərir”.
Sevinc


