Bu gün “Sabah” Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə başlayacaq.
Azərbaycan çempionu səfərdə İngiltərə nəhəngi “Mançester Yunayted” ilə qarşılaşacaq. Maraqla gözlənilən matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Əlbəttə ki, oyunun favoriti rəqibdir, ancaq “Sabah”dan möhtəşəm mübarizə gözləyirik.
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, püşkatmada “Sabah” çox güclü rəqiblərlə düşdü:
“Həqiqətən də komandamız dünya səviyyəli rəqiblərlə qarşılaşacaq. Təəssüf ki, “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansı o qədər də çox deyil. Çünki rəqibləri arasında “Barselona” “Mançester Yunayted”, “Arsenal”, “Napoli” və “Borussiya Dortmund” kimi nəhənglər var. Həmçinin, Avropa Liqasının qalibi “Vilyareal”, eləcə də “Slaviya Praqa” və “Vikinq” kimi öz ölkələrinin çempionları olan güclü klublarla qarşılaşacağıq. Yəni bütün rəqiblər çətindir və “Sabah”ın bu komandaların hər biri ilə qarşılaşmasında oyunları çox çətin olacaq”.
Ekspert qeyd edib ki, növbəti mərhələyə yüksəlmək haqqında düşünməsək daha doğru olar:
“Çünki şanslarımız çox azdır. Ona görə də buna ümid etməyək. Ancaq “Sabah” sona qədər mübarizəsini aparacaq. Əslində komandamız bura qədər gələrək böyük bir tarix yazıb. Nəzərə almaq lazımdır ki, “Sabah” cəmi 9 yaşı olan klubdur və debüt mövsümündə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Ondan sonra qazanılacaq hər xal, hər qələbə komandanın tarixinə qızıl hərflərlə yazılacaq”.
Mütəxəssis “Mançester Yunayted” – “Sabah” matçı barədə də danışıb:
“Nəinki “Sabah” dünyanın hər hansı bir komandası səfərdə “Mançester Yunayted”ə qarşı özünü rahat hiss edə bilməz. Ancaq “Sabah” öz oyununu oynamalıdır. Rəqibin müdafiəsində bəzi problemləri var. Komandamızın təmkinlə oynaması, atmosferə, havaya, bünün ağırlığından təzyiq altına düşməməsi lazımdır.
Öz oyunumuzu oynayaq, müdafiə olunaq, lazım olanda əks-hücumlarda oynayaq, lazım olanda pressinqimizi edək. Yəni futboldan zövq alaq. 90 dəqiqə ərzində mübarizə gedəndən sonra hər şey ola bilər. Bəlkə də 1 xal qazanmaq üçün şans yaranar”.
Pərviz



