ABŞ-ın Texas ştatının Dallas şəhərində “Tesla”nın pilotsuz robotaksi xidmətindən istifadə edən ilk sərnişinlər nasazlıqlar, naviqasiya səhvləri və operator müdaxilələri barədə şikayət ediblər.
HİT.az xəbər verir ki, bu barədə “Business Insider” (“BI”) yazır.
Sərnişinlərdən biri bildirib ki, tətbiq təxminən iki saat ərzində boş avtomobil tapa bilməyib, dəstək xidməti isə əvvəlcə həmin ərazidə xidmətin ümumiyyətlə işləmədiyini deyib. Avtomobil gələndən sonra isə səfərin əvvəlində robotaksi şəhər üzrə hərəkət etsə də, yol nişanlarını həmişə düzgün oxumayıb.
Problemlər “Tesla”nın lazım olan çıxışı ötürüb magistrala çıxmasından sonra başlayıb. Təxminən 130–145 km/saat sürətlə hərəkət edən yolda avtomobil əvvəlcə sürətlənib, daha sonra isə qəfil yavaşlayaraq sanki yol kənarında dayanmağa hazırlaşıb. Sərnişinin sözlərinə görə, bu zaman “Tesla”nın əməkdaşı uzaqdan müdaxilə edərək idarəni ələ alıb və avtomobili magistraldan çıxarıb.
Bununla belə, problemlər davam edib. Avtomobil son təyinat nöqtəsini keçərək sərnişini yanlış ünvana aparıb, daha sonra isə otelin ətrafında bir neçə dəfə eyni marşrut üzrə dövrə vurub. Yalnız dəstək xidməti müdaxilə etdikdən sonra istiqamət düzgünləşdirilib. Həmçinin bir mərhələdə robotaksi sərnişini təyinat yerindən təxminən 4 km uzaqda düşürməyə cəhd edib.
Bütün bu nasazlıqlara baxmayaraq, sərnişin səfəri “risk sevənlər üçün əyləncə” adlandırıb, lakin belə xidmətdən yaşlı insanların istifadə etməsini məsləhət görmədiyini bildirib. O, eyni zamanda avtonom nəqliyyatın gələcəyinə inandığını, lakin hazırkı mərhələdə sistemin ciddi çatışmazlıqları olduğunu etiraf edib.
Samir


