Çində “NIO” avtomobil istehsalçısı elektrik avtomobilləri üçün akkumulyatorların avtomatlaşdırılmış dəyişdirilməsi sistemini tətbiq edib. Bu texnologiya şarj stansiyalarında uzun gözləmə problemini aradan qaldıra bilər.
HİT.az xəbər verir ki, məlumatı “Supercar Blondie” yazıb.
Bildirilir ki, yeni sistem sürücülərə boşalmış akkumulyatoru tam dolu batareya ilə təxminən 3 dəqiqəyə dəyişməyə imkan verir. Bu müddət ənənəvi benzin doldurma prosesinə demək olar ki, bərabərdir.
Proses olduqca sadə şəkildə həyata keçirilir: sürücü xüsusi kiçik garaža daxil olur, bundan sonra süni intellekt sistemi avtomobil üçün batareya dəyişimini aktivləşdirir. Sistem avtomobili avtomatik olaraq uyğun platformaya yerləşdirir, köhnə akkumulyatoru çıxarır və yenisini quraşdırır.
Qeyd olunur ki, bu texnologiya artıq real şəkildə tətbiq olunur: "Şirkət artıq bütün dünyada 4000 batareya dəyişmə stansiyasında 100 milyon belə əməliyyat həyata keçirib".
“NIO” ilə yanaşı, “CATL” şirkəti də oxşar texnologiyalar üzərində işləyir. Məlumata görə, “CATL” Avropa bazarına genişlənməyi planlaşdırır və İspaniyada böyük istehsal zavodu inşa edir.
Hazırda bu tip stansiyalar yalnız müəyyən avtomobil markaları ilə uyğun işləyir, çünki onların akkumulyatorları xüsusi forma və bərkitmə sisteminə malikdir. Sistemin bütün sürücülər üçün əlçatan olması üçün istehsalçıların vahid standart üzrə razılaşması tələb olunur. Lakin şirkətlər bunun müvəqqəti çətinlik olduğunu və yaxın gələcəkdə həll ediləcəyini bildirirlər.
Samir


