Yapon avtomobilləri etibarlılığı və uzunömürlülüyü ilə tanınır. Lakin mütəxəssislər hesab edirlər ki, bəzi krossoverlər bu xüsusiyyətlərinə görə rəqiblərindən daha çox seçilir. Onlar ailələr üçün uyğun hesab edilən üç modeli tövsiyə edib, iki avtomobildən isə uzaq durmağı məsləhət görüblər.
HİT.az xəbər verir ki, bu barədə avtomobil ekspertləri “GoBankingRates” nəşrinə açıqlamalarında bildiriblər.
“EpicVIN” şirkətinin marketinq direktoru və avtomobil eksperti Aleks Blek Toyota Highlander və Toyota Grand Highlander modellərini ən etibarlı seçimlər sırasında göstərib. Onun sözlərinə görə, bu avtomobillər uzunömürlülüyü ilə yanaşı, ikinci əl bazarında da yüksək dəyərini qoruyur.
“A1 Xpress” şirkətinin rəhbəri Ford Smit də bu fikirlə razılaşıb. O bildirib ki, hər iki model xüsusilə böyük ailələr üçün əlverişlidir. Avtomobillərin salonu geniş və rahatdır, hərəkət zamanı isə səssizliyi ilə seçilir.
Ekspertin fikrincə, bu krossoverlər uşaqları məktəbə aparmaq, gündəlik alış-veriş və ailəvi səfərlər üçün praktik seçimdir.
Blek həmçinin Honda Pilot modelini də tövsiyə edib. Onun sözlərinə görə, bu avtomobil gündəlik istifadə baxımından rahat və funksionaldır. Geniş salonu uşaq oturacaqlarının yerləşdirilməsinə, iri həcmli əşyaların daşınmasına imkan verir.
Alınması məsləhət görülməyən modellər
Ekspertlər bəzi yapon krossoverlərinin isə potensial alıcılar üçün riskli seçim ola biləcəyini bildiriblər.
Aleks Blek Nissan Pathfinder modelinə ehtiyatla yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, avtomobilin qiyməti rəqibləri ilə müqayisədə daha münasib olsa da, transmissiya ilə bağlı problemlər alıcıları düşündürməlidir.
Ford Smit isə Mitsubishi Outlander modelini almağı məsləhət görməyib. O, avtomobilin salonunun sinfindəki bəzi rəqiblərlə müqayisədə o qədər də uğurlu olmadığını, güc qurğusunun da gözləntiləri tam doğrultmadığını qeyd edib.
Beləliklə, mütəxəssislərin fikrincə, Toyota Highlander, Toyota Grand Highlander və Honda Pilot ailə istifadəsi üçün diqqətəlayiq variantlardır. Bununla belə, avtomobil seçərkən konkret buraxılış ili, texniki vəziyyət və əvvəlki istismar tarixçəsi də nəzərə alınmalıdır.
Samir


