Hindistandan Çini təlaşa salan addım – Dehli ABŞ-dan pilotsuz təyyarələr alır

17:22 / 26.03.2021
902

“Çin 2017-ci ildə Afrika Buynuzundakı Cibutidə ilk xaricdəki hərbi bazasını qurub və Hindistanı əhatə edən ölkələrdə strateji nöqtələrdə yerləşən limanların inkişafına, idarə edilməsinə və ya alınmasına sərmayə qoyub”.

HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Amerika Müşahidəçi Tədqiqat Fondunun (Observer Research Foundation America) İcraçı direktoru Druva Cayşankar ABŞ Müdafiə naziri Lloyd Austinin Yaponiya, Cənubi Koreya və Hindistana səfərini şərh edərkən bildirib.

Druva Cayşankar qeyd edib ki, Pekin son 30 ildə Hind Okeanındakı əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Çin burada xüsusilə 2008-ci ildə fəallıq göstərməyə başlayıb.

Çin və Hindistanın daha çox bu bölgədə maraqları toqquşur. Belə bir vaxtda Dehli ilə Vaşinqton arasında yaxınlaşma qaçılmaz görünür.  “ABŞ və Hindistan müttəfiq deyil, münasibətlər birgə hərbi təlimlərin keçirilməsi mərhələsindədir. Söhbət ABŞ, Yaponiya və Hindistan arasında Malabar Oyunları adlanan üçtərəfli dəniz manevrindən gedir”, - deyə Cayşankar qeyd edib.

Tramp administrasiyası dövründə Vaşinqtonla Dehli arasında raketlər və digər hərbi hədəfləri zərərsizləşdirmək üçün ABŞ-ın peyk məlumatlarına giriş imkanı verən müqavilə imzalanıb. Bu, ABŞ-ın,  ümumiyyətlə, yaxın müttəfiqləri ilə məxfi və gizli məlumat mübadiləsinə imkan verən dörd böyük müdafiə müqaviləsindən sonuncusudur.

Bundan əlavə, son məlumatlara görə, Hindistanın Çin və Pakistanla qarşıdruması davam etdiyi bir vaxtda Dehli dəniz və quru müdafiəsini gücləndirmək üçün ABŞ-dan 30 silahlı pilotsuz təyyarə almaq niyyətindədir.

Lakin Hindistan-Rusiya münasibətləri potensial olaraq Dehli ilə Vaşinqton arasında daha sıx əlaqələrin qurulmasına mane ola bilər.

VÜQAR

0