Çin kosmik stansiya üçün növbəti karqo gəmisini orbitə göndərdi

DÜNYA
23:00 / 10.05.2022
862

Çin özünün kosmik stansiyasının quraşdırılması üçün növbəti karqo gəmisi olan “Tiencou-4”ü (Tianzhou-4”) orbitə göndərib.

AZƏRTAC xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7 Y5” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla gecə saat 1:56-da baş tutub. Karqo gəmisi artıq “Tienhe” kosmik stansiyasının əsas modulu ilə birləşib.

Əvvəlki karqo gəmiləri kimi bu dəfə də 3 kateqoriya üzrə yüklər stansiyaya çatdırılıb. Bura kosmonavtların 6 ay ərzində yaşaması üçün ərzaq, stansiyanı ehtiyat hissələri və kosmik tədqiqatlar üçün avadanlıq aiddir. Karqo gəmisi müxtəlif tədqiqatlar üçün taxıl, soya və digər bitki toxumlarını da kosmosa aparıb. Ümumi çəkisi 13,5 ton olan gəmi 6,9 ton yük aparıb.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiyanın quraşdırılması üçün cari il ərzində bir neçə missiyanın göndərilməsi planlaşdırılıb. İyun ayında “Şencou-14” kosmik gəmisi 3 kosmonavtı 6 ay müvafiq quraşdırma işləri üçün stansiyaya aparacaq. “Ventien” laboratoriyası stansiyanın əsas moduluna birləşmək üçün iyulda, “Mentien” laboratoriyasi isə oktyabrda kosmosa göndəriləcək. Bununla da “T” şəkilli kosmik stansiyanın quraşdırılması başa çatacaq.

Stansiyanın quraşdırılması üçün bundan əvvəlki sonuncu missiya “Şencou-13” (“Shenzhou-12”) olub. O, 2021-ci ilin oktyabrında 3 çinli kosmonavtı müvafiq quraşdırma işləri üçün kosmosa aparıb. Kosmonavtlar 6 aylıq fəaliyyətdən sonra aprelin 16-da Yerə qayıdıblar.

0