ABŞ-da yaşanan iqtisadi xaos dünya birjalarına necə təsir edəcək? - AÇIQLAMA

DÜNYA
17:27 / 08.05.2023
747

"ABŞ-da iqtisadi xaos yaşana bilər".

Bunu ABŞ-nin maliyyə naziri Canet Yellen deyib. O bildirib ki, Co Bayden administrasiyası və parlament milli borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsələr, ölkə maliyyə və iqtisadi xaos riski ilə üzləşəcək. Nazir diqqətə çatdırıb ki, hakimiyyət defoltdan qaçmaq üçün fövqəladə tədbirlər görsə də, gələcəkdə dövlət borcunun tavanını artırmaq lazım olacaq.

Maraqlıdır, ABŞ-da iqtisadi xaosun baş verməsi dünya birjalarına necə təsir edəcək?

İqtisadçı ekspert Asif İbrahimov HİT.az- açıqlamasında bildirib ki, bu məsələ həqiqətən də bir neçə gündür gündəmdədir:

"Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkəsi ABŞ-da dövlət borcunun yaranmasının səbəbi büdcə gəlirləri xərclərinin az olmasıdır. Belə olan halda qiymətli kağızları tədavülə buraxır və maliyyələşdirməni həyata keçirir. Yəni ABŞ-da bir çox xərclərin ödənilməsi üçün dövlət tərəfindən müəyyən istiqrazlar və qiymətli kağızlar dövriyyə buraxılır. Bununla da bir çox xərclərin qarşısı alınmağa çalışır. ABŞ-da Barak Obama və Donald Tramp dönəmində, xüsusilə pandemiyada əlavə xərclər yaranmağa başladı. Beləliklə, dövlət borcu yüksəldi".

Ekspert vurğulayıb ki, borc tavanı yüksəlməyə doğru getdikcə hökumət yenidən parlamentə müraciət etməli olur: 

"Sonuncu dəfə Bayden hökuməti tərəfindən parlamentdə keçirilən müzakirə birmənalı qarşılanmadı. Çünki dövlət borcunun qarşılanmaması ilə bağlı etiraz etdilər. Amma bununla bağlı hansısa problem yaranacağını da düşünmürəm. Hətta yaxın vaxtlarda həmin borc tavanının qaldırılmasını gözləyirəm. Çünki bunu tənzimləmək məcburiyyətindədirlər. Əgər yaya qədər bunu etməsələr, həqiqətən ABŞ iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək".

Həmsöhbətimiz qeyd edib ki, bunun dünya birjalarına da ciddi təsiri olacaq:

"ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 25 faizini təşkil edir. Nəzərə alaq ki, ən önəmli əmtəə birjaları ABŞ-da yerləşir və dünya ticarəti ABŞ dolları ilə aparılır. Ona görə də bunun dünya birjalarına ciddi təsiri olacaq. Bundan öncə dünyada baş verən iqtisadi böhranların da bir neçəsinin başlama mənbəyinin ABŞ olduğunu unutmaq olmaz. Hesab edirəm ki, bununla bağlı tədbirlər həyata keçiriləcək və parlamentlə razılıq əldə olunacaq".

Pərviz

0