Seçkidən sonra Türkiyə iqtisadiyyatı: Nələr ola bilər?

DÜNYA
18:27 / 15.05.2023
803

Dünən Türkiyədə keçirilən seçkilərin əks-sədası davam edir.

Qardaş ölkədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan rəqibi Kamal Kılıçdaroğlunu qabaqlasa da, seçki ikinci tura qaldı. Həmçinin, parlament seçkilərində də hakim "Cümhur İttifaqı" çox yüksək nəticə əldə etdi. 

Qeyd edək ki, hazırda Türkiyədəki ən böyük problemlərin başında inflyasiya və iqtisadi çətinliklər göstərilir. Seçkinin bir çox sahələr kimi edəcəyi kimi, iqtisadiyyata da təsirsiz ötüşməyəcəyi gözlənilir.


Maraqlıdır, seçkilərin nəticələrinin Türkiyə iqtisadiyyatına hansı təsirləri olacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçilsə, Türkiyənin iqtisadi kursunu və siyasətini əvvəlki kimi davam etdirəcək:

"Amma düşünürəm ki, monetar siyasətdə müəyyən dəyişikliklərə gediləcək. Hazırda Türkiyənin iqtisadiyyatı qarşısında tamam fərqli problemlər var. Çünki yeni çağırışlar formalaşıb. Mərkəzi Bankın 1,2 trilyon lirəlik balansı 3,6 trilyona qədər artıb. Yəni 3 dəfə artıb ki, bu da ciddi inflyasiya təzyiqi deməkdir. Nəticə etibarilə, bu da lirənin kursuna təzyiq göstərir. Bunu isə müdaxilələrlə həll etmək olmaz. Ona görə də Türkiyənin monetar siyasətdə mütləq mənada müəyyən rədaktələr edəcəyini gözləyirəm. Amma qardaş ölkə məşğulluqla bağlı məsələlər, eləcə də maaşların və minimum əməkhaqqının artırılması ilə bağlı məsələlərdə kifayət qədər önəmli yol qət edib. Həmçinin, sözün həqiqi mənasında yeni iş yerlərinin açılmasında mükəmməl addımlar atıldı. Hətta Türkiyə bu istiqamətdə son bir neçə ay ərzində nümunə olacaq siyasət yürütdü".

Ekspert vurğulayıb ki, hazırda Türkiyənin əmək bazarında çox ciddi və gərgin bir vəziyyət yoxdur:

"Əsas olaraq monetar siyasət və tədiyyə balansındakı yüz milyardı keçən mənfi saldo mütləq düzəlməlidir. Çünki Türkiyənin aylıq mənfi saldosu təxminən 8-10 milyar avro dollardır. Bu, mütləq şəkildə həll olunmalıdır. Türkiyənin faiz siyasətinə yenidən baxması, monetar siyasət rıçaqlarından istifadə etməsi çox vacibdir. Düşünürəm ki, Ərdoğan seçiləcəyi təqdirdə bu siyasəti dəyişəcək. Ümumiyyətlə,  AKP-nin indiyə qədər keçirdiyi siyasət bəllidir. Ərdoğan Türkiyənin mənafeyinə nə xidmət edirsə o addımı atacaq bir liderdir. Yəni monetar siyasətdə də ciddi dəyişikliklər olacaq. Amma qonşu ölkələrlə münasibət, dünya siyasətindəki rolu və mövqeyi ilə bağlı hansısa dəyişiklik gözlənilmir.

Onu da qeyd edim ki, AKP hökumətinin ən önəmli işlərindən biri də Türkiyəni qaz və neft sahəsində bir mərkəzə çevirməsidir. Neft və qaz istehsalı kifayət qədər olmamasına baxmayaraq, Türkiyə dövlət olaraq həm qaz, həm də neft sayəsində Avropa üçün mərkəzə çevrilib. Nəzərə almaq lazımdır ki, qardaş ölkə nefti olmasa da, özündə böyük neft emalı zavodu olan azsaylı ölkələrdən biridir. Bu da Türkiyə iqtisadiyyatı üçün önəmlidir və ölkənin ən böyük uğurlarından biridir. Bununla yanaşı, Türkiyənin enerji və müdafiə sənayesi sahəsində uğurlarını davam etdirəcəyi proqnozlaşdırılır".

Elman Sadıqov hesab edir ki, Kamal Kılıçdaroğlu seçiləcəyi təqdirdə, fərqli iqtisadi nəticələr meydana gələ bilər:

"Kamal Kılıçdaroğlu bildirir ki, iqtidara gəlsə, ölkəyə böyük məbləğdə investisiyalar qoyulacaq. Açığı, Kılıçdaroğlunun dediyi 300 milyard dollarlıq investisiya real görünmür. Çünki həmin pulun ölkə iqtisadiyyatı üçün faydalılıq əmsalının nə qədər olacağı sual altındadır. Bu hal həm də təhlükəli ola bilər. Kılıçdaroğlunun iqtidarı dönəmində qonşu ölkələrlə münasibətə yenidən baxacağı və bəzi ölkələrlə münasibətin soyuması da gözlənilir. Amma Rusiya ilə problem yaranarsa Türkiyə necə neft və qaz alacaq, habelə qardaş ölkə özünü Avropanın qaz və neft təchizatında tranzit ölkə kimi saxlaya bilib- bilməyəcəyi də məlum deyil. Çünki ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Ümumiyyətlə, CHP ilə bağlı qeyri-müəyyənliklər var".

Həmsöhbətimiz əlavə edib ki, yeni hakimiyyət dövründə siyasi vəziyyətin və kürd məsələlərinin də necə olacağı önəmlidir:

"Türkiyədə siyasi partiyalar arasında müəyyən parçalanmalar ola bilər. Nəzərə almaq lazımdır ki, oradakı bəzi  partiyaların siyasətləri bir-birindən kəskin şəkildə fərqlənir. Əgər fikir ayrılıqları olarsa və siyasi sabitlik pozularsa, onda atılan iqtisadi addımların da hər hansısa bir səmərəsi və nəticəsi olmaz".

Pərviz

0