Avropanı enerji böhranı gözləyir? - AÇIQLAMA 

17:57 / 24.05.2023
725

"Avropa daha dərin enerji çatışmazlığı böhranı ilə üzləşə bilər".

Bunu Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad bin Şəridə əl-Kabi deyib.

O, bu barədə xəbərdarlıq edib:

“Qlobal iqtisadiyyat gələn il bərpa olunarsa, Avropa daha pis neft və qaz təchizatı çatışmazlığı ilə üzləşə bilər”.

Ümumiyyətlə, bu ehtimal nə dərəcədə realdır? Buna səbəb nədir?

İqtidadçı ekspert Xalid Kərimli HİT.az-a açıqlamasında bildirib ki, Avropa Rusiyanın qazından və neftindən imtina edib:

Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"

"Hansı ki, rus nefti Avropanın ehtiyaclarının üçdə birini təşkil edir. Düzdür, bundan tam olaraq deyil, sadəcə tanker vasitəsilə neft daşınmasından imtina edilib. Yəni borularla gələn neft və qazdan imtina etməyiblər. Bu ilin fevralından isə Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq olunub. Lakin ruslar müxtəlif yollarla bu sanksiyalardan da yayınır. Avropa faktiki olaraq, Rusiya neftini almağa davam edir. İstənilən halda, məhdudiyyətlər Rusiyanın Avropaya neft satışını əvvələ nisbətən azaldıb. Digər tərəfdən isə Avropa Rusiyadan qaz və kömür alırdı. İndi kömür alışını tam dayanıb, qaz alışı isə azalıb".

Ekspert vurğulayıb ki, tam olaraq Rusiya qazından imtina etmək Avropa iqtisadiyyatı üçün enerji problemləri yarada bilər:

"Bu da heç kimə sirr deyil. Avropalı mütəxəssislər də ötən ilin sonlarında 2023-cü ildə problemlər ola biləcəyini deyirdilər. Hazırda Avropa Komissiyası da bütün bu problemləri həll etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Avropa hələ özünün enerji böhranı problemini həll edə bilməyib. Çünki bu, kifayət qədər real təhlükədir. Amma Avropa Azərbaycan da daxil olmaqla müxtəlif mənbələrdən qaz alışını artırmağa çalışır. Məsələn, əvvəl Avropaya 8-9 milyard kubmetr qaz verirdiksə, artıq bu rəqəmi 20 milyard kubmetrə qədər artırmağı planlaşdırırıq".

Pərviz

0