İkinci turda kim qalib gələcək: Ərdoğan, yoxsa Kılıçdaroğlu?

17:56 / 26.05.2023
719

Bu bazar Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bildiyiniz kimi, 14 may tarixində keçirilən seçkilərdə namizədlərin heç biri 50 faiz baryerini keçə bilmədiyi üçün seçkilər ikinci tura qaldı. İlk turda mövcud Prezident, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,17% səs topladı. 

Birinci turdan sonra nələr baş verdi?

Heç şübhəsiz ki, ilk turun ən böyük sürprizi məhz Sinan Oğan oldu. Çünki heç kim onun belə yüksək səs toplayacağını düşünmürdü. Lakin seçkilərin ikinci tura qalmasının ardından Azərbaycan əsilli siyasətçinin hansı namizədə dəstək olacağı da maraqla gözlənilməyə başladı. O isə səbirsizliklə gözlənilən qərarını 22 mayda açıqlayaraq, seçicilərini Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırdı. Buna baxmayaraq, sözügedən açıqlamanın ardından onun namizəd göstərildiyi "ATA İttifaqı" dağıldı. Öncə Ədalət Partiyası ittifaqdan ayrıldı. 

Partiyanın sədri Vecdet Öz seçkilərin ikinci turunda Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqladı. İttifaqın fikir ayrılıqları səbəbindən dağılmasından sonra sözügedən koalisiyanı yaradan Zəfər Partiyasının hansı namizədi dəstəkləyəcəyi gündəmin əsas mövzusuna çevrildi. Partiya sədri Ümit Özdağ həm iqtidar, həm də müxalifət cəbhəsi ilə danışıqlar apardı. Uzun danışıqların sonunda Özdağ 24 mayda seçicilərini Kılıçdaroğluna səs verməyə çağırdı.

Birinci turdakı seçkidən 3 gün öncə isə sürpriz şəkildə namizədlikdən çəkilən Məmləkət Partiyasının sədri Məhərrəm İncə səssiz qalmağı üstün tutdu. O, ikinci turda heç bir namizədə dəstək olmayacağını və bunu seçicilərinin ixtiyarına buraxdığını açıqladı.

Bütün bu proseslərin fonunda artıq ikinci turun keçiriləcəyi 28 may tarixinə yaxınlaşırıq. Onu da xüsusi qeyd etmək lazımdır ki, Türkiyə tarixində ilk dəfə prezident seçkiləri ikinci tura qalıb.

İkinci turdan gözləntilər nələrdir?

Həm Rəcəb Tayyib Ərdoğan, həm də Kamal Kılıçdaroğlu ikinci turda seçiləcəklərinə olan inamlarını dilə gətirirlər. Bəs vətəndaşlar nə düşünür? Bu suala cavab tapmaq üçün aparılan sorğulara baxmaq lazımdır. Biz də müxtəlif anket şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə göz gəzdirdik. İlk turdan öncə keçirilən hər soğruda fərqli nəticələrin qeydə alındığını görürdük. Lakin bu dəfə başqa mənzərənin şahidi oluruq. 

Demək olar ki, keçirilən bütün rəy sorğularında Rəcəb Tayyib Ərdoğan 50 faizdən çox səs toplayaraq, rəqibini geridə qoyur. Onun səsləri fərqli anket şirkətlərinin açıqladığı sorğu nəticələrində 52-58% aralığında dəyişir. Kamal Kılıçdaroğlunun isə ilk tura nisbətən daha az səs alması və 50% baryerini keçə bilməməsi diqqət çəkir. 

Görünür, Ərdoğanın son 2 həftədəki açıqlamaları və Sinan Oğanın ona dəstək olması seçicilərin qərarlarına təsir göstərib. Hazırkı vəziyyətə və aparılan sorğulara baxdığımız zaman Kamal Kılıçdaroğlunun 28 mayda seçilməsinin sözün əsl mənasında sürpriz olacağını demək olar. Ekspertlər tərəfindən də onun iqtidara gəlmə ehtimalının çox aşağı olacağı proqnozlaşdırılır. Rəcəb Tayyib Ərdoğanın isə bazar günü növbəti dəfə prezident seçiləcəyini təxmin edə bilərik. Hazırkı gedişat və respondentlərin fikirləri də bunu deməyə əsas verir.

Pərviz

0