Şirin su Antarktida dənizlərinin canlılarını təhlükə qarşısında qoya bilər

DÜNYA
22:36 / 28.08.2026
42

Buzlaqların əriməsi nəticəsində Antarktida ətrafındakı suların şirinləşməsi kəskin duzluluq azalmasına uyğunlaşa bilməyən dəniz canlılarını təhlükə qarşısında qoya və qütb ekosistemlərinin fəaliyyətini poza bilər. Bu qənaətə Plimut Universiteti və Britaniya Antarktida Xidmətinin alimləri gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Marine Environmental Research” jurnalında dərc olunub.

Alimlər iri Antarktida xərçəngkimisi Paraceradocus miersi növünə aid canlıları müxtəlif duzluluğa malik suda saxlayıblar. Duzluluq göstəricisi 34,6-dan 28,0-a endirildikdə, cəmi 12 saat sonra onların hemolimfasının – xərçəngkimilərdə qana bənzər funksiyaları yerinə yetirən mayenin – tərkibində dəyişiklik baş verib. Duzluluğun daha kəskin azalması, 22,1-ə qədər düşməsi zamanı isə canlılar normal hərəkət etmək qabiliyyətini sürətlə itirib, qəlsəmələrində ciddi zədələnmələr yaranıb.

Problem ondadır ki, Paraceradocus miersi milyonlarla il ərzində duzluluğu nisbətən sabit olan Antarktida sularında yaşayıb və buna görə də suyun şirinləşməsindən qorunmaq üçün effektiv mexanizmləri demək olar ki, inkişaf etdirməyib. Bir çox Arktika yanüzənlərindən fərqli olaraq, bu növ ətraf mühit dəyişdikdə orqanizmdə sabit duz balansını zəif qoruyur.

“Təəccüb doğurur ki, Antarktidaya zərər vurmaqla əslində hamımıza zərər veririk”, deyə tədqiqatçılar xəbərdarlıq ediblər. Onların sözlərinə görə, bu proses qlobal iqlim tənzimlənməsində pozuntuya səbəb ola bilər.

Antarktida sahillərində suların şirinləşməsi artıq müşahidə olunur. Bu proses əsasən buzlaqların əriməsi və yağıntıların miqdarının dəyişməsi ilə əlaqələndirilir. Tədqiq olunan növün yaşadığı Rayder körfəzində 2017-ci ildə suyun duzluluğu təxminən 28,4-ə qədər düşüb. Xüsusilə ekstremal hadisələr zamanı isə səthdəki su təbəqəsi qısa müddət ərzində demək olar ki, tamamilə şirinləşir.

Müəlliflər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə fonunda suyun daha da şirinləşməsi Antarktida onurğasızları üçün ciddi fizioloji təhlükəyə çevrilə bilər.

Belə dəyişikliklər getdikcə daha çox növə təsir edərsə, bu, qida əlaqələrinin və dəniz ekosistemindəki digər proseslərin pozulmasına səbəb ola bilər. Bu ekosistemin vəziyyətindən isə təkcə Antarktida canlıları deyil, bütün qlobal okean asılıdır.

Samir
 

0