ABŞ-dan olan iki bacı demək olar ki, eyni vaxtda işlərini itirdikdən və analarının vəfatından sonra çətin dövrü keçirmək üçün gözlənilməz yol tapıblar – onlar birlikdə vintage əşyaların satışı üzrə biznes qurublar.
HİT.az xəbər verir ki, bu barədə bacılardan biri Amanda Li Lixtenşteyn "Business Insider"ə danışıb.
Onun sözlərinə görə, işdən çıxarılma bacıların onsuz da ağır itki yaşadığı bir dövrə təsadüf edib. Onlar analarını itirdikdən sonra doğma evlərində yaşlı atalarına qulluq ediblər. Əvvəlcə Amanda tezliklə yeni iş tapıb, lakin bir il sonra həmin işi də itirib. Bu vaxt kiçik bacısı böyük bir şirkətdə kütləvi ixtisarlar səbəbindən işsiz qalıb. Süni intellektlə bağlı narahatlıqlar fonunda yeni iş tapmaq perspektivləri də o qədər ümidverici görünməyib.
Bacılar ruhdan düşmək əvəzinə ailə ənənəsini xatırlayıblar. Onların anası əşyalar toplamağı çox sevib və qızlarına qaraj satışlarında və yarmarkalarda qiymətli əşyaları axtarmağı, alıcı və satıcılarla qiymət danışmağı, eləcə də köhnə tapıntıları bərpa etməyi öyrədib.
Amanda etiraf edib ki, vəziyyət onları buna məcbur edənədək vintage əşyalara olan ortaq maraqlarını heç vaxt biznesə çevirməyi düşünməyib. 2023-cü ildə o, "Etsy" platformasında "Travel Far Now Vintage" adlı mağazanı rəsmi şəkildə yaradıb. "Etsy" vintage, işlənmiş və əl işi məhsulların satışı üçün məşhur onlayn platformadır.
Bacılar arasında vəzifələr dəqiq bölünüb. Amanda qablaşdırma, çatdırılma və mühasibat işlərinə cavabdehdir. Kiçik bacısı isə satışlarda və komissiya mağazalarında nadir əşyaları tapmaq qabiliyyəti ilə seçilir.
Amanda bildirib ki, bu iş yalnız pul qazanmaqdan ibarət deyil. Hər gün vintage əşyalar axtarmaq, müştərilərlə ünsiyyət qurmaq və köhnə əşyaların arxasında dayanan hekayələri öyrənmək ona yaxınlarının itkisini dəf etməyə kömək edib.
"Mən özümü 'xatirə taciri' kimi düşünməyə başladım – vintage əşyalar və onların həyatımız haqqında danışdığı hekayələr vasitəsilə nostalji satan biri kimi", – Amanda deyib.
O əlavə edib ki, müştəri, məsələn, köhnə "Sunbeon" taymerinə maraq göstərdikdə, həmin insan üçün bu, sadəcə məişət əşyası deyil. Bu əşya ona valideynlərinin mətbəxində keçirdiyi uşaqlıq illərini xatırlada bilər. Amandanın sözlərinə görə, belə hekayələr onun öz keçmişi ilə barışmasına da kömək edir.
Bacılar bildiriblər ki, onların mağazası analarının xatirəsinə bir növ ehtiramdır və əşyaları axtararkən sanki onun səsini eşidirlər.
Samir


