Fransız Polineziyasında aparılan araşdırma zamanı sahil otellərindən yayılan süni gecə işığına məruz qalan bala kloun balıqlarının yırtıcı təhlükəsinə verdiyi fizioloji reaksiyanın dəyişdiyi müəyyənləşdirilib. Balıqlar təhlükə qarşısında maddələr mübadiləsini azaltmaq əvəzinə sürətləndiriblər.
HİT.az xəbər verir ki, bir yırtıcı ilə qarşılaşan balığın həyatda qalması düzgün reaksiya verib-verməməsindən asılıdır. Yeni araşdırma isə gecələr sahil ərazilərini işıqlandıran süni işıqların bala kloun balıqlarının belə təhlükə ilə üzləşdikdə verdiyi fizioloji reaksiyanı dəyişə bildiyini ortaya qoyub.
Fransız Polineziyasının Mo'orea adası ətrafında aparılan təcrübə zamanı tədqiqatçılar iki aylıq kloun balıqlarını müxtəlif işıq şəraitində böyüdüblər. Balıqların bir hissəsi təbii gecə-gündüz dövründə saxlanılıb, digər qrup isə sahildəki otellərdən yayılan süni gecə işığına məruz qoyulub.
Balıqların inkişafı tamamlandıqdan sonra onların təhlükəyə reaksiyası sınaqdan keçirilib. Bunun üçün xüsusi hazırlanmış akvariumun divarlarına kloun balıqlarının təbii yırtıcılarından biri olan barrakudanın hərəkətli görüntüləri əks etdirilib. Balıqların simulyasiya edilmiş yırtıcının yaxınlaşma sürətinə və hərəkətlərinə reaksiyası araşdırılıb.
Təbii işıq şəraitində böyüyən balıqların təhlükəyə reaksiyası aydın olub. Yırtıcının görüntüsü ilə qarşılaşdıqda onlar maddələr mübadiləsinin sürətini azaldıb və hərəkətsiz qalıblar. Bununla həm enerji sərfiyyatını, həm də yırtıcı tərəfindən fərq edilmə ehtimalını azaltmağa çalışıblar.
Süni gecə işığı altında böyüyən qrupda isə bunun tam əksi müşahidə olunub. Bu balıqlar təhlükə qarşısında maddələr mübadiləsinin sürətini artırıblar.
İlk baxışda daha çox enerji istehsalına yönəlmiş bu reaksiya üstünlük kimi görünə bilər. Lakin tədqiqatçılar bunun əks nəticələrə səbəb ola biləcəyini bildirirlər. Təhlükə anında maddələr mübadiləsinin sürətlənməsi balığın daha çox enerji sərf etməsinə gətirib çıxarır. Bundan əlavə, lazımsız hərəkətlər yırtıcının balığı fərq etmə ehtimalını da artıra bilər.
Qlazqo Universitetinin İnsan və Baytarlıq Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aparılan araşdırma süni gecə işığının yalnız insanların yaşadığı mühiti dəyişdirmədiyini göstərib. Sahil ərazilərində işıq çirklənməsi dəniz canlılarının təhlükələrə qarşı formalaşmış təbii reaksiyalarına da təsir göstərə bilər.
Conservation Physiology jurnalında dərc olunan araşdırmada mütəxəssislər təbiətdə yırtıcıya yanlış reaksiyanın heyvanın həyatda qalmasına mane ola biləcəyini vurğulayıblar.
Dünyanın sahil zolaqlarında süni işıq mənbələrinin sayının artması bu səbəbdən dəniz ekosistemləri üçün diqqət yetirilməli amil hesab olunur.
Samir


