Asteroid tozu dinozavrların məhvinin əsl səbəbini izah edə bilər

DÜNYA
20:38 / 01.09.2026
43

66 milyon il əvvəl asteroidin Yerə düşməsindən sonra atmosferə qalxan xırda toz ölümcül istilik impulsunu gücləndirərək quş olmayan dinozavrların məhvinin əsas səbəblərindən birinə çevrilmiş ola bilər. Bu qənaətə Purdue Universitetinin tədqiqatçıları gəliblər.

HİT.az xəbər verir ki, araşdırma "Journal of Geophysical Research: Biogeosciences" (JGRB) jurnalında dərc olunub.

Diametri təxminən 13 kilometr olan asteroid müasir Yucatan yarımadasının ərazisinə saatda təxminən 72 min kilometr sürətlə çırpılıb. Zərbə nəticəsində atmosferə böyük miqdarda ərimiş süxur atılıb. Bu maddə duz dənəsi ölçüsündə xırda hissəciklərə çevrilərək planetə yayılıb və bir neçə saat ərzində Yer səthinə geri qayıdıb.

Lakin maddənin əhəmiyyətli hissəsi daha da xırda toza çevrilib. Alimlərin hesablamalarına görə, təxminən 1,8 trilyon ton belə toz əmələ gəlmiş ola bilər. Bu toz infraqırmızı şüalanmanı demək olar ki, keçirmədiyindən qızmış hissəciklərdən ayrılan istilik Yer səthinə yaxın təbəqədə ilişib qalıb.

«Bu tozun radiasiyanın kosmosa sızmasının qarşısını nə qədər effektiv alması heyrətamizdir», – tədqiqatçı Aleksandriya Conson bildirib.

Nəticədə istilik impulsu xırda tozu nəzərə almayan əvvəlki modellərin göstərdiyindən xeyli güclü olub. Hesablamalar göstərir ki, açıq səth ölümcül həddə qədər qıza bilərdi.

Alimlərin sözlərinə görə, nazik bitki örtüyü, iynəyarpaqlar və likenlər belə istilik yükü altında bir dəqiqədən də az müddətdə alışa bilərdi. İstidən tez gizlənə bilən heyvanların sağ qalmaq şansı isə daha yüksək olub: onlar torpağa girə, mağarada və ya palçıqda gizlənə, yaxud suya çəkilə bilərdilər.

Bu hadisənin izləri geoloji təbəqələrdə də qorunub. Məsələn, Şimali Dakotadakı Tanis ərazisində zərbə günü ölən balıqlar ərimiş süxur hissəcikləri ilə birlikdə basdırılıb. Onların üstündə isə asteroid materialı üçün xarakterik olan iridiumla zəngin təbəqə yerləşir.

Bununla belə, araşdırma hələlik istilik impulsunun məhz məhvin əsas səbəbi olduğunu sübut etmir. Müəlliflər kompüter modelləşdirməsindən və digər tədqiqat qruplarının əldə etdiyi tozun tərkibi barədə məlumatlardan istifadə ediblər. Alimlər hesablamaları digər bölgələrdən götürülmüş nümunələr əsasında yoxlamalı və belə istilik impulsunun real meşə ekosistemlərinə təsirini eksperimental şəkildə araşdırmalıdırlar.

Samir
 

0