Səhərin erkən saatlarında eşidilən xoruz səsi yalnız gün işığına verilən reaksiya deyil. Bu səs eyni zamanda xoruzların sosial nizamını formalaşdıran mühüm siqnallardan biridir.
HİT.az xəbər verir ki, toyuqlar və xoruzlar arasında ciddi sosial iyerarxiya mövcuddur. Bu sistem “dimdikləmə sırası” kimi tanınır. Yemə növbəsi, cütləşmə hüququ və ərazi üstünlüyü kimi mühüm məsələlər məhz bu iyerarxiya çərçivəsində müəyyənləşir. Erkək xoruzlar banlama ardıcıllığı ilə belə öz üstünlüklərini nümayiş etdirirlər.
Yaponiyanın Milli Fundamental Biologiya İnstitutunun apardığı araşdırmaya görə, dəstədə ən yüksək rütbəli xoruz günəş doğmazdan əvvəl banlamaq imtiyazına malikdir.
Tədqiqatçılar dörd xoruzu müşahidə edərkən banlama ardıcıllığının sosial iyerarxiya ilə əlaqəli olduğunu müəyyənləşdiriblər: lider xoruz əvvəlcə banlayır, daha sonra digər xoruzlar müəyyən ardıcıllıqla ona qoşulur. Aşağı rütbəli xoruz iyerarxik sıranı pozarsa, dimdikləmə və sərt təqibə məruz qalır.
Xoruzların banlaması yalnız günəş işığından asılı deyil. 2013-cü ildə aparılan başqa bir araşdırma bu davranışın sirkadiyan ritm tərəfindən idarə olunduğunu göstərib. Günəş doğmasa belə, lider xoruz öz daxili bioloji saatına əsaslanaraq səhər banlamasını başlayır, digər xoruzlar isə ona uyğunlaşır.
Lider xoruz dəstədən çıxarıldıqda isə növbəti yüksək rütbəli xoruz onun yerini tutur və ilk banlayan xoruz olur.
Beləliklə, xoruzların banlaması sadəcə təbii refleks deyil, həm də dəstə daxilində hakimiyyət və sosial statusu nümayiş etdirmə üsuludur. Səhərin erkən saatlarında eşitdiyiniz xoruz səsi, əslində, mürəkkəb sosial mesaj daşıyır.
Samir


