Ukraynanın Qara dəniz limanlarının blokadası ilin sonuna qədər davam edərsə, fermerlərin maliyyə itkiləri 10 milyard dolları keçəcək.
HİT.az xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət naziri Taras Vısotski bildirib.
“Dəniz yolu ilə ixracla bağlı vəziyyət dəyişməsə, il ərzində 30 milyon tondan çox Ukrayna kənd təsərrüfatı məhsulu ölkədən çıxarılmadan qala, maliyyə itkiləri isə 10 milyard dolları keçə bilər. Bu, aqrar istehsalçıların gəlirlərinə və istehsal dövrünü davam etdirmək imkanlarına birbaşa təsir göstərir”, deyə Vısotski xəbərdarlıq edib.
Rusiya işğalçı qüvvələrinin mülki gəmiçiliyə hücumları Böyük Odessa limanları vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının faktiki olaraq dayandırılmasına səbəb olub. Nazir bildirib ki, avqust ayında Ukrayna kənd təsərrüfatı məhsullarının potensial ixrac həcminin yalnız təxminən üçdə birini həyata keçirə bilib.
Ukrayna taxılının alternativ daşınma marşrutları arasında dəmir yolu, Dunay çayı və “Həmrəylik yolları” var. Lakin onların ötürücülük qabiliyyəti dəniz daşımalarını tam əvəz etmək üçün kifayət etmir. Vısotskinin sözlərinə görə, alternativ marşrutlar ixracı yalnız qismən təmin etməyə imkan verir.
“Hazırda alternativ logistikanı genişləndirmək, məhsulun saxlanması imkanlarını təmin etmək və təsərrüfatların likvidliyini dəstəkləmək eyni vaxtda vacibdir”, deyə nazir yekunlaşdırıb.
Aqrar siyasət naziri Taras Vısotski daha əvvəl Qara dəniz limanlarının blokadası səbəbindən Ukrayna fermerlərinin hazırda tammiqyaslı müharibənin ilk dövrü ilə müqayisədə daha çətin vəziyyətdə olduğunu bildirib.
Avqustun 31-də Türkiyə Qara dəniz vasitəsilə taxılın təhlükəsiz daşınması üçün plan hazırladığını və bu məsələ ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxladığını açıqlayıb. Türkiyə tərəfi “Taxıl sazişi”nə bənzər daha bir razılaşmanın əldə olunacağına ümid edir.
Samir


