Yaz aylarında bəzi quşların rənglərinin daha parlaq və diqqətçəkən olması onların yeni lələk çıxarması ilə bağlı deyil. Alimlərin izahına görə, burada quş lələklərinin quruluşu mühüm rol oynayır.
HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" yazıb.
Xüsusilə ispinozlarda bu dəyişiklik daha aydın müşahidə olunur. Erkək ispinozlar qışda daha solğun rənglərə sahib olur, yazın gəlişi ilə isə tükləri daha parlaq və canlı görünür. İlk baxışdan quşun qısa müddətdə rəng dəyişdirdiyi təsəvvürü yarana bilər.
Əslində isə proses aylar əvvəl başlayır. İspinozlar, digər kiçik quşların əksəriyyəti kimi, ildə bir dəfə əsasən cütləşmə mövsümündən sonra lələk dəyişirlər. Yeni lələklər yay sonlarında formalaşmağa başlayır.
Lələklərin əsasını β-keratin adlı zülal təşkil edir. Lələk böyüdükcə onun strukturuna piqmentlər əlavə olunur və forması yaranır. Tam formalaşma başa çatdıqdan sonra lələyin canlı hüceyrələri aradan qalxır və nəticədə hərəkətsiz, lakin olduqca mürəkkəb quruluşa malik bir struktur meydana gəlir.
Maraqlı məqam isə lələyin ucunda yerləşən hissə ilə bağlıdır. Lələyin formalaşması zamanı onun uclarına daha az melanin və keratin əlavə olunur. Buna görə həmin hissələr daha açıq rəngli və nisbətən zəif olur.
Qış boyunca lələklər təbii şəkildə aşındıqca məhz bu açıq rəngli uclar tədricən qopur. Beləliklə, lələyin altında əvvəldən mövcud olan daha tünd və parlaq hissələr üzə çıxır.
Nəticədə ispinoz yazda sanki qısa müddətdə rəngini dəyişmiş kimi görünür. Halbuki parlaq rənglər yeni yaranmayıb. Onlar əvvəlcədən formalaşmış lələklərdə mövcud olub, sadəcə qış aylarında açıq rəngli uclar tərəfindən örtülüb.
Bu mexanizm quşların yazda daha parlaq görünməsinə imkan verir və xüsusilə erkəklərin cütləşmə mövsümündə diqqət çəkməsində rol oynayır. Yəni ispinozun “yeni rəngi” əslində yeni yaranmır – zaman keçdikcə lələyin köhnəlmiş üst qatı yox olur və onun daha parlaq hissəsi görünməyə başlayır.
Samir


