Braziliyada bir cütlüyün həyata keçirdiyi meşəbərpa layihəsi uzun illər əvvəl ərazidən yoxa çıxmış nadir heyvan növünün geri qayıtmasına şərait yaradıb.
HİT.az xəbər verir ki, Nikolas və Raquel Lok 1990-cı illərdə Rio-de-Janeyro ştatında torpaq sahələri əldə edib. Uzun müddət mal-qara otarılması və meşələrin qırılması nəticəsində ciddi zərər görmüş əraziləri bərpa etmək üçün onlar 2001-ci ildə layihəyə başlayıblar.
İyirmi ildən artıq davam edən iş nəticəsində 840 minə yaxın yerli ağac əkilib, 600 hektardan çox ərazi yenidən yaşıllığa qovuşub. Layihə çərçivəsində Atlantik meşəsinə xas 120-yə yaxın bitki növünün yetişdirildiyi tinglik də yaradılıb.
Meşələrin bərpası yalnız bitki örtüyünün artmasına deyil, əvvəllər qurudulmuş bataqlıq ərazilərin də yenidən canlanmasına imkan verib. Hazırda qoruqda 460-dan çox quş növü ilə yanaşı, müxtəlif sürünənlər, suda-quruda yaşayanlar və məməlilər məskunlaşıb.
Ən diqqətçəkən nəticələrdən biri isə Cənubi Amerika tapirinin əraziyə qaytarılması olub. Bu heyvan yaşayış mühitinin məhv edilməsi və brakonyerlik səbəbindən Rio-de-Janeyrodan yoxa çıxmışdı. Növün bölgədə son təsdiqlənmiş müşahidəsi 1914-cü ildə qeydə alınmışdı.
2017-ci ildə Refauna layihəsi və qoruq tapirlərin təbiətə qaytarılması proqramına başlayıb. 2017-2021-ci illər ərzində altı yetişdirmə mərkəzindən gətirilən 14 tapir qoruğun ərazisinə buraxılıb.
Heyvanların vəziyyəti fototələlər və digər monitorinq sistemləri ilə izlənilib. Nəticədə tapirlər yeni mühitə uyğunlaşıb və təbii şəraitdə çoxalmağa başlayıblar.
2025-ci ilin sentyabrına qədər qoruqda 8 bala tapirin doğulduğu qeydə alınıb. Onlardan biri hətta Rio-de-Janeyroda növün yoxa çıxmasından sonra doğulan ikinci nəsilə aid olub.
Mütəxəssislərin diqqət çəkdiyi maraqlı məqamlardan biri də tapirlərin meşələrin bərpasında roludur. Meyvələrlə qidalanan və uzun məsafələr qət edən bu heyvanlar toxumları müxtəlif ərazilərə yayaraq meşələrin təbii şəkildə yenilənməsinə kömək edirlər.
Samir


