Təxminən 300 milyon il əvvəl yaşamış və “Talli canavarı” adlandırılan sirli canlı alimlərin mübahisə mövzusuna çevrilib. 1958-ci ildə ilk fosili aşkarlanan bu qəribə orqanizmin minlərlə qalığı araşdırılsa da, onun heyvanlar aləminin hansı qrupuna aid olduğu hələ də dəqiq bilinmir.
HİT.az xəbər verir ki, canlının elmi adı Tullimonstrum gregarium-dur. O, ilk nümunəni ABŞ-ın İllinoys ştatındakı karxanada aşkar edən həvəskar paleontoloq Frensis Tallinin şərəfinə adlandırılıb. Qəribə görünüşü ilə diqqət çəkən bu canlı 1989-cu ildə İllinoys ştatının rəsmi fosili elan edilib.
Qəribə görünüşü ilə alimləri təəccübləndirir
Talli canavarının uzunluğu təxminən 30 santimetr olub. Onun uzunsov, yumşaq bədəni, başından irəliyə doğru uzanan boruşəkilli çıxıntısı və həmin çıxıntının ucunda yerləşən ağzı var idi. Gözləri başının hər iki tərəfində yerləşirdi.
Canlının bədəni pulcuqlarla örtülməyib, üzərində isə aydın görünən eninə zolaqlar olub. Bədəni romb formasını xatırladan üfüqi quyruq üzgəci ilə tamamlanırdı. Bu üzgəcin onun suda hərəkət etməsində əsas rol oynadığı ehtimal edilir. Bədəninin yan tərəflərindəki kiçik dəliklərin isə qəlsəmə yarıqları ola biləcəyi düşünülür.
Onun qeyri-adi anatomiyası uzun illər paleontoloqları bir sual ətrafında düşündürüb: bu canlı onurğalı idi, yoxsa onurğasız?
Araşdırmalar ziddiyyətli nəticələr ortaya qoyub
2016-cı ildə Nature jurnalında dərc olunan araşdırmada alimlər Talli canavarının onurğalı olduğunu irəli sürüblər. Tədqiqatçılar onun bədənində qəlsəmələrin və onurğanın ilkin forması hesab edilən xordaya bənzər quruluşun olduğunu bildirərək canlının müasir minoqlarla qohum ola biləcəyini ehtimal ediblər.
Lakin 2023-cü ildə Tokio Universitetinin tədqiqatçıları fərqli nəticəyə gəliblər. Paleontology jurnalında dərc olunan araşdırmada alimlər 150-dən çox fosili üçölçülü lazer skanerləri və mik kompüter tomoqrafiyası vasitəsilə araşdırıblar.
Tədqiqatçılar canlının onurğalılara xas əsas anatomik əlamətlərə malik olmadığını bildiriblər. Onların fikrincə, bədən seqmentlərinin baş nahiyəsinə qədər davam etməsi də bu canlının onurğalı olması ehtimalını zəiflədir. Beləliklə, 2016-cı ildə irəli sürülən minoqlarla qohumluq nəzəriyyəsi şübhə altına alınıb.
Yeni araşdırma Talli canavarının onurğasız ola biləcəyini göstərsə də, onun konkret olaraq hansı heyvan qrupuna aid olduğu hələ müəyyən edilməyib. Milyonlarla il əvvəl yaşamış bu canlının sirri paleontologiyanın açıq qalan suallarından biri olaraq qalır.
Samir


