ABŞ-də alimlərin 11 il əvvəl başlatdığı eksperiment göllərdə balıq ehtiyatlarının qorunması ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqatçılar Viskonsin ştatındakı Sanford gölünə 140 ağac yerləşdirərək su ekosisteminə təsirini araşdırıblar. Nəticədə gölün balıq populyasiyalarını dəstəkləmək imkanının iki dəfə artdığı müəyyən edilib.
HİT.az xəbər verir ki, bu barədə “Wired2Fish” nəşri məlumat yayıb.
Təxminən 37 hektar ərazisi olan göldə aparılan təcrübə zamanı əsasən iynəyarpaqlı ağaclardan istifadə olunub. Araşdırma qrupunun rəhbəri, Viskonsin Təbii Sərvətlər Departamentinin əməkdaşı Qreq Sassın sözlərinə görə, suya batırılan ağaclar zamanla müxtəlif su canlıları üçün əlverişli yaşayış mühitinə çevrilib.
Ağacların gövdə və budaqlarında yosunlar inkişaf edir, kiçik onurğasızlar burada məskunlaşır, balıqlar isə qidalanmaq və yırtıcılardan qorunmaq üçün əlavə sığınacaqlar əldə edirlər. Çürüyən ağac və yarpaqların tərkibindəki qida maddələri də su ekosistemindəki qida zəncirinin formalaşmasına töhfə verir.
Tədqiqatçılar suya ağacların əlavə edilməsindən sonra iri ağızlı xanı balığının və günəş balığının bəzi hibrid növlərinin sayında artım müşahidə ediblər. Bununla belə, alimlər vurğulayırlar ki, gölün balıq ehtiyatlarını dəstəkləmək potensialının iki dəfə artması bütün balıq növlərinin sayının eyni nisbətdə çoxalması demək deyil.
Eksperimentin nəticələrini daha dəqiq qiymətləndirmək üçün layihənin 25-30 il davam etdirilməsi planlaşdırılır. Sonrakı mərhələdə gölə əlavə olaraq 240 ağac da yerləşdirilib. Bununla alimlər suya daha çox ağac əlavə edilməsinin ekosistemə təsirinin hansı həddə qədər davam etdiyini müəyyənləşdirməyə çalışırlar.
Tədqiqat zamanı suyun keyfiyyətinə mümkün təsirlər də araşdırılıb. Qreq Sassın sözlərinə görə, 2024-cü ildə aparılan təhlillər ağacların suyun şəffaflığına və keyfiyyətinə mənfi təsir göstərdiyini ortaya qoymayıb.
Alimlər hesab edirlər ki, bu nəticələr su hövzələrinin sahilboyu ərazilərinin təbii vəziyyətdə qorunmasının vacibliyini göstərir. Sahillərin yıxılmış ağaclardan və su bitkilərindən həddindən artıq təmizlənməsi balıqların qidalanma və sığınacaq imkanlarını azalda, nəticədə göl ekosisteminə mənfi təsir göstərə bilər.
Samir


