İnsanlar robotları niyə canlı varlıq kimi qəbul edir? – Alimlər səbəbi açıqladı

MARAQLI
17:12 / 11.11.2026
47

İnsanlar bəzən heç bir canlılıq əlaməti olmayan obyektlərə belə insana xas xüsusiyyətlər aid edir. Alimlərin fikrincə, bu psixoloji meyl robotlarla ünsiyyət zamanı da özünü göstərir və insanların maşınları canlı varlıq kimi qəbul etməsinə səbəb olur.

HİT.az xəbər verir ki, “BMC Psychology” jurnalında dərc olunan araşdırmada İtaliyanın Milan-Bikokka Universitetinin alimləri insan-robot münasibətlərinə dair 132 elmi məqaləni təhlil ediblər. Tədqiqatçılar araşdırmaların əsas anlayışlarında ciddi uyğunsuzluqlar olduğunu müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, alimlərin diqqət çəkdiyi əsas problemlərdən biri robotlarla bağlı emosiyaların necə izah edilməsidir. Belə ki, elmi ədəbiyyatda “emosiya” anlayışı üç fərqli mənada işlədilir: insanların robotlara aid etdiyi hisslər, robotların xarici görünüş və davranış vasitəsilə nümayiş etdirdiyi emosiyalar, eləcə də maşınların insanlarda yaratdığı emosional reaksiyalar.

Araşdırmada antropomorfizm anlayışının da fərqli şəkildə şərh edildiyi bildirilir. Bu termin həm robotların insanabənzər üz, səs və jestlərlə hazırlanmasını, həm də insanların maşınlara insana xas xüsusiyyətlər aid etməsini ifadə edir.

Maraqlıdır ki, robotun insanabənzər görünüşə malik olması onun insanlarda mütləq müsbət emosiyalar yaradacağı anlamına gəlmir. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ətrafındakı obyektləri və hadisələri canlılaşdırmağa meyilli olması robotlara emosional münasibətin daha sabit göstəricisidir.

Alimlər həmçinin araşdırmalarda emosional reaksiyaların əsasən sorğular vasitəsilə ölçüldüyünü, insanların real davranışlarının və beyin fəaliyyətinin isə kifayət qədər öyrənilmədiyini vurğulayıblar.

Tədqiqat müəlliflərinin fikrincə, robotlarla emosional münasibətlərin daha düzgün anlaşılması üçün elmi anlayışlar vahid sistemə salınmalı, mövcud araşdırmalar müqayisəli şəkildə təhlil edilməlidir.

Alimlər hesab edirlər ki, insanların robotları canlı kimi qəbul etməsinin səbəblərindən biri təkamüllə bağlıdır. İnsan beyni qarşısındakının emosiyalarını müəyyənləşdirməyə avtomatik meyillidir. Bu xüsusiyyət o qədər güclüdür ki, insan ünsiyyətdə olduğu varlığın maşın olduğunu bilsə belə, ona canlıya xas hisslər aid edə bilir.

Samir

0