Alimlər vulkanların “qara qutusunu” aşkar etdilər – Püskürmələrin sirri açılır

DÜNYA
21:57 / 18.11.2026
39

Alimlər vulkanik kristallarda maqmanın püskürmədən əvvəlki vəziyyəti haqqında məlumat saxlayan xüsusi kimyəvi izlər aşkar ediblər. Bu kəşf gələcəkdə vulkan təhlükəsinin daha dəqiq qiymətləndirilməsinə və yerin dərinliklərində baş verən proseslərin öyrənilməsinə kömək edə bilər.

HİT.az xəbər verir ki, beynəlxalq tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub. Kvinslend Universitetinin (Avstraliya) alimləri tərəfindən aparılan araşdırmaya Çili, İspaniya və Argentinadan olan mütəxəssislər də qatılıblar.

Tədqiqatçılar diqqəti vulkanik süxurlarda geniş yayılmış plagioklaz mineralının kristallarına yönəldiblər. Bu kristallar bir növ təbii “qara qutu” rolunu oynayır. Onlar maqmanın Yer qabığının dərinliklərində hərəkət etdiyi və toplandığı zaman mövcud olan şərait barədə məlumatları özündə qoruyub saxlayır.

Alimlərin sözlərinə görə, maqmanın temperaturunda, təzyiqində və kimyəvi tərkibində baş verən dəyişikliklər kristalların quruluşunda da iz buraxır. Bu xüsusiyyətlərin təhlili püskürmədən əvvəlki maqmatik proseslərin tarixini bərpa etməyə imkan verir.

Araşdırma zamanı mütəxəssislər lazer texnologiyaları və geniş geokimyəvi məlumat bazalarından istifadə ediblər. Nəticədə püskürmə zamanı Yer səthinə çıxan maqma ilə əlaqəli kiçik kristallarda ümumi kimyəvi xüsusiyyət müəyyən edilib.

**Kristallar vulkan təhlükəsini necə müəyyənləşdirəcək?**

Tədqiqatın nəticələrinə görə, dərin Yer qatlarından daha yuxarıda yerləşən maqma rezervuarlarına isti maqmanın daxil olması püskürmənin başlanmasına təsir göstərə bilən əsas proseslərdəndir. Bu hadisə rezervuarların daxilindəki şəraiti dəyişdirərək vulkanik aktivliyi gücləndirə bilər.

Alimlər həmçinin Yer səthinə çıxan maqma ilə yer qabığının altında qalan maqma arasında fərqləri müəyyən edə biliblər.

Kəşf xüsusilə vulkanik aktivliyin yüksək olduğu Sakit okeanın “Odlu halqası” bölgəsi üçün əhəmiyyətli hesab edilir. Gələcəkdə kristalların kimyəvi analizi püskürmə ehtimalı olan vulkanların müəyyənləşdirilməsində və müşahidələrin hansı ərazilərdə gücləndirilməli olduğunun seçilməsində əlavə vasitəyə çevrilə bilər.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, yeni metod hələlik vulkanın nə vaxt püskürəcəyini dəqiq müəyyən etməyə imkan vermir. Bu, mövcud müşahidə sistemlərini tamamlayacaq və vulkanik təhlükənin daha yaxşı öyrənilməsinə şərait yaradacaq yeni elmi yanaşmadır.

Samir

0