Alimlər qarışqa koloniyalarının yaşlandıqca zəifləmək əvəzinə daha dayanıqlı və məhsuldar olduğunu müəyyən ediblər. Məlum olub ki, bəzi qarışqa ailələrində zaman keçdikcə ölüm riski azalır, nəsilvermə qabiliyyəti isə artır.
HİT.az xəbər verir ki, ABŞ-ın Hyuston Universitetinin bioloqları Bleyn Koul və Dayan Vernəşin apardığı araşdırmanın nəticələri “PNAS” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar 1992-ci ildən başlayaraq Şimali Amerikanın qərbindəki səhralarda yaşayan toxum toplayan qarışqaların koloniyalarını 34 il ərzində müşahidə ediblər. Araşdırma çərçivəsində Kolorado ştatında ümumilikdə 3285 qarışqa ailəsinin həyat dövrü izlənilib.
Məlum olub ki, koloniyalar üçün ən təhlükəli dövr ilk illərdir. Gənc qarışqa ailələrinin təxminən 98 faizi bir yaşına çatmadan məhv olur. Lakin bu mərhələni keçən koloniyalarda vəziyyət dəyişir: ailə böyüdükcə ölüm ehtimalı azalır, nəsilvermə imkanları isə artır.
Araşdırmanın əvvəlində qeydə alınan 51 koloniya 2024-cü ilə qədər yaşamağı bacarıb. Onların yaşının 41 ilə çatdığı və mövcud göstəricilərə əsasən, ən azı daha 13 il yaşaya biləcəyi ehtimal olunur.
Alimlər bu qeyri-adi xüsusiyyəti qarışqa ailəsinin quruluşu ilə əlaqələndirirlər. Belə koloniyalar vahid superorqanizm kimi fəaliyyət göstərir. Kraliça qarışqa onilliklər ərzində yaşayaraq yalnız çoxalma ilə məşğul olur, işçi qarışqalar isə təxminən bir il yaşadıqdan sonra yeniləri ilə əvəzlənir.
Nəticədə koloniya daim böyüyür və özünü yeniləyir. Tədqiqatın müəlliflərindən Bleyn Koulun sözlərinə görə, qarışqa koloniyasını hər il yarpaqlarını yenidən yetişdirən ağaca bənzətmək olar. Koloniya işçi qarışqalarını mütəmadi olaraq yenilədiyindən onun ümumi yaşı bədəninin bioloji yaşlanması ilə eyni məna daşımır.
Alimlər qeyd edirlər ki, təbiətdə belə bir proses nadir hallarda müşahidə olunur. Əksər canlılarda yaş artdıqca ölüm riski yüksəlir və çoxalma qabiliyyəti zəifləyir. Bəzi balıqlarda, dəniz kirpilərində və kaktuslarda isə bunun əksinə, böyümə və çoxalma uzun müddət davam edə bilir.
Bununla belə, qarışqa koloniyalarının ömrü sonsuz deyil. Kraliça qarışqa həyatının əvvəlində cəmi bir dəfə cütləşir və saxladığı sperma ehtiyatı tükəndikdə koloniyanın çoxalma imkanları məhdudlaşır. Bundan başqa, səhrada baş verən müxtəlif təsadüfi təhlükələr də koloniyaların uzunömürlülüyünə mane olur.
Samir


