Vyetnamda 1400 illik qızıl zərrə qabı tapıldı – İçərisində müqəddəs qalıqlar aşkarlanıb

DÜNYA
09:29 / 22.11.2026
37

Vyetnamda aparılan arxeoloji qazıntılar zamanı təxminən 1400 il əvvələ aid nadir buddist relikviyası aşkarlanıb. Alimləri təəccübləndirən isə tapıntının əvvəlcə aşkar edilən tunc qabın içərisində gizlədilmiş kiçik qızıl sandıq olmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Arkeonews” məlumat yayıb.

Tapıntı ölkənin mərkəzində, Ngean əyalətində yerləşən qədim Thap Nyan buddist qülləsinin ərazisində üzə çıxarılıb. Qazıntılar 1985–1986-cı illərdə aparılsa da, artefaktın əhəmiyyəti bu gün də xüsusi diqqət çəkir. Onun VII–VIII əsrlərə aid olduğu ehtimal edilir.

Arxeoloqlar əvvəlcə tunc qabı zədələmədən qoruyaraq muzeyə təhvil verməyi planlaşdırıblar. Lakin qabın bir küncünün qopduğu məlum olub. Həmin dəlikdən içəri baxan tədqiqatçılar tunc konteynerin içərisində daha kiçik, qızıldan hazırlanmış ikinci bir sandıq görüblər.

Maraqlıdır ki, hər iki qab qədim qüllənin mərkəzində yerləşən içiboş taxta sütunun daxilində gizlədilib. Mütəxəssislər bunu müqəddəs əmanətlərin qorunması üçün qurulmuş çoxqatlı mühafizə sistemi kimi qiymətləndirirlər.

Sandığın içərisində nə olub?

Cəmi 8 santimetr uzunluğunda, 5 santimetr enində və 5,5 santimetr hündürlüyündə olan qızıl sandıqda iki kiçik, ağımtıl əşya aşkarlanıb. Onların buddizmdə müqəddəs hesab edilən relikviyalar olduğu müəyyənləşdirilib. Əşyaların yanında isə kül və yanmış düyü qalıqları tapılıb.

Buddist ənənəsində “şarira” adlandırılan bu cür relikviyalar Buddanın və ya hörmət edilən rahiblərin kremasiyasından sonra qalan müqəddəs qalıqlarla əlaqələndirilir. Onlar inanclılar üçün xüsusi mənəvi məna daşıyır və adətən dini ibadət tikililərində saxlanılır.

Sandığın özü də yüksək sənətkarlıq nümunəsi hesab olunur. Təxminən 200 qram ağırlığında olan qızıl qabın çıxarıla bilən qapağı kiçik dam formasındadır. Onun üzərində altı ləçəkli çiçək təsvirləri, gövdə hissəsində isə stilizə edilmiş lotus naxışları həkk olunub. Buddizmdə lotus təmizlik və mənəvi oyanışın rəmzi sayılır.

Vyetnamın milli sərvəti elan edilib

Nəşrin məlumatına görə, Vyetnamda indiyədək bu nümunəyə bənzər başqa qızıl buddist relikviya sandığı aşkarlanmayıb. Tapıntı 2017-ci ildə ölkənin Milli sərvəti statusunu alıb.

Uzunmüddətli bərpa və konservasiya işlərindən sonra artefakt Ngean əyalətindəki Nge-Tinh Sovetləri Muzeyinin xüsusi ekspozisiya zalında nümayiş etdirilməyə başlanıb.

Qeyd edək ki, Thap Nyan qülləsindən günümüzə yerüstü tikili qalmayıb. Arxeoloqlar ərazidə yalnız torpaq altında gizlənmiş bünövrəni aşkar edə biliblər. Qızıl sandıq isə qədim dini tikilinin mərkəzində, taxta sütunun içərisində qorunub saxlanılıb.

Samir
 

0