Qartallar milyon illər əvvəl insan əcdadlarını ovlaya bilərmiş - Alimlərdən maraqlı kəşf

DÜNYA
21:16 / 23.11.2026
41

Qartalların yalnız kiçik heyvanları deyil, özlərindən xeyli ağır primatları da ovlaya bildiyi müəyyən edilib. Yeni araşdırma bu yırtıcı quşların milyon illər əvvəl insanın qədim əcdadları üçün də təhlükə yaratmış ola biləcəyini göstərir.

HİT.az xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.

Alimlər indiyədək qartalların çəkisi 13 kiloqramdan artıq olan primatları ovlamaqda çətinlik çəkdiyini düşünürdülər. Lakin Çad ərazisində, Sahara səhrasında aparılan araşdırmalar bu qənaəti şübhə altına alıb.

Burada tədqiqatçılar Verro qartallarının hücumu nəticəsində öldüyü ehtimal edilən azı doqquz yetkin pavianın qalıqlarını aşkar ediblər. Öldürülən meymunların orta çəkisi 22,2 kiloqram, ən ağırının isə 26 kiloqram olub.

Sümüklər üzərində müəyyən edilən dərin caynaq izləri qartalların ovlarını özlərinin öldürdüyünü və daha sonra yuvalarına daşıdığını göstərir.

Tədqiqatda iştirak etməyən Keyptaun Universitetinin Fits-Patrik Afrika Ornitologiyası İnstitutunun əməkdaşı Robert Simmons bildirib ki, qartallar müxtəlif şəraitdən asılı olaraq fərqli ölçülü heyvanları ovlaya bilirlər. Xüsusilə qrupdan ayrılmış gənc pavianlar və yaşlı erkəklər bu yırtıcılar üçün asan hədəfə çevrilə bilər.

Araşdırmanın nəticələri alimlərə təxminən 3,2 milyon il əvvəl yaşamış *Australopithecus afarensis* növünə aid insan əcdadlarının da qartallar tərəfindən ovlana biləcəyi ehtimalını irəli sürməyə əsas verib. Müasir Efiopiya ərazisində yaşamış bu canlıların çəkisi təxminən 28 kiloqram olub.

Bununla belə, qartalların qədim insan əcdadlarına nə qədər tez-tez hücum etdiyi hələ də məlum deyil. Tədqiqatın rəhbəri, Sent-Endryus Universitetinin professoru Ketrin Hobayterin sözlərinə görə, bu cür hücumla bağlı yalnız bir hadisə etibarlı şəkildə təsdiqlənib.

Söhbət təxminən 2,8 milyon il əvvəl iri qartal tərəfindən aparıldığı ehtimal edilən Taunq uşağından gedir. Bu tapıntı yırtıcı quşların insan təkamülünün ilkin mərhələlərində də ciddi təhlükə mənbəyi ola biləcəyini göstərir.

Samir
 

0