Su problemini kim yaradır?

16:40 / 05.05.2023
914

Havaların isinməsinə baxmayaraq, su ilə bağlı problem davam etməkdədir.

Çox təəssüf ki, artıq bir bir neçə aydır su limitlə verilir. Daha dəqiq desək, həyət evlərinə suyun verilməsi sadəcə bir neçə saat çəkir. Vətəndaşlar gündəlik su ehtiyacları "Azərsu" ASC-nin təyin etdiyi saatlarda qarşılamağa məcbur qalırlar. İşin ən pis tərəfi də odur ki, bu saatlar da hər gün eyni olmur. Məsələn, bir gün 5 saat, bir gün 4 saat, başqa bir gün isə 3 saat su verilir. Hətta bu proses bəzi yerlərdə ümumiyyətlə bir gündən bir həyata keçirilir. Həmçinin, "Azərsu"nun bu məsələ ilə bağlı strategiyası da olduqca qəribədir. Deməli, su əhalinin evdə olduğu saatlarda və günlərdə verilmir. Təbii ki, bunun əksinin olması gözlənilir, amma bizdə tərsinədir. İnsanlar işdə olarkən bir neçə saat verilən su, axşam saatlarında ümumiyyətlə verilmir. Həftəsonları və bayram günlərində isə suyun limitlə verilməsi pik səviyyəyə çatır. Normal günlərdən belə az müddətdə suyun verilməsi qurumdan olan narazılığı artırır. Qeyd etmək lazımdır ki, bu, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Vətəndaş ödənişini etdiyi xidmətdən nəinki tam şəkildə yararlana bilmir, hətta öncədən bəlli olmayan zaman dilimlərində limitlə istifadəyə vadar edilir. Təsəvvür edin ki, nömrənizə kontur yükləyirsiniz, amma mobil operatorun hər dəfə fərqli vaxtda təyin etdiyi saatlarda limitlə danışa bilərsiniz. Görürsünüz, necə gülünc səslənir. Bax, "Azərsu"nun etdiyi də eynən belədir.

Təbii ki, vətəndaşlar bundan razı deyillər. "Azərsu" ASC isə bütün narazılıqların qarşısında ölkədə su qıtlığı olduğunu deyərək, bu addımın atıldığını bildirir. Lakin işin maraqlı tərəfi odur ki, belə problemlər yaşanarkən suyun qiymətinin bahalaşacağı gündəmə gəlir. Bu zaman isə söyləyirlər ki, borular köhnə olduğu üçün yenilənmə aparılmalıdır. Yəni açıq şəkildə desək, bunun üçün qiymətlərin artırılmasını istəyirlər. Yaxşı bəs su qıtlığı varsa, qiymət artımı olandan sonra bu qıtlıq necə aradan qalxacaq? Bununla yanaşı, "Azərsu"ya ayrılan pullar və qurumun qazandığı milyonlarla manat hara gedir? İl ərzində bu qədər qazanc əldə edən bir qurumun boru xətlərini dəyişmək və s. üçün qiymətlərin artırılmasını tələb etməsi kimi absurd bir şey ola bilməz. Axı siz hər ay su istifadəsinə görə aylıq olaraq milyonlar qazanırsınız. Bəs bu pullar hanı? Əslində əldə olan gəlirlər məhz belə texniki məsələlərə ayrılmalıdır. Dünyada heç dənizin, çayın olmadığı ölkələrdə belə su limitlə verilmir. Ancaq Azərbaycanda bu qədər su ehtiyatlarının olmasına rəğmən daimi su təminatından məhrum edilirik. 

Onu da bildirmək lazımdır ki, hazırda suyun qiyməti kifayət qədər bahadır. İnsanlar istifadə etdikləri 1 kubmetr su üçün 1 manat ödəyirlər. Daha dəqiq desək, hazırda içməli su tarifi 70 qəpik, tullantı sularının axıdılması xidməti isə 30 qəpikdir. Hansı ki, 2021-ci ildən öncə bu rəqəmlər müvafiq olaraq 35 və 15 qəpik. Yəni çox yaxın tarixdə qiyməti 2 dəfə bahalaşan suyun qiymətinin yenidən artırılmasının gündəmə gətirilməsinin özü belə doğru deyil. Buna rəğmən artım tələb etmək insafsızlıqdır.

Nəzərə almaq lazımdır ki, inflyasiyanın belə yüksək olduğu bir zamanda hər kəsin əlindəki xidməti bahalaşdırmağa çalışmasından ən çox əziyyət çəkən də sadə vətəndaşlardır. İnanmaq istərdik ki, suyun qiymətinin bahalaşacağı ilə bağlı iddialar elə iddia olaraq qalacaq. Həmçinin, tezliklə içməli suyun istifadəsinə tətbiq olunan limitində tezliklə aradan qaldırılmasına ümid edirik...

Pərviz

0