Neftçalada “ot qalmaqalı” - İcra başçısının müavini fermerlərə niyə mane olur?

İQTİSADİYYAT
19:15 / 26.05.2023
516

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Burcalı Ağayev yerli fermerləri incidir. 

Bu barədə HİT.az-a bir qrup fermer bildirib. 

Fermerlərin iddiasına görə, Burcalı Ağayev icra hakimiyyətinin balansında olmayan torpaqlarda onların əkin-biçin aparmasına mane olur. 
“Təsəvvür edin, dəniz geri çəkilir və boş sahə əmələ gəlib. Həmin sahədə ot bitib. Biz də həmin otu biçmək istəyirik, Burcalı Ağayev imkan vermir. Biz oranı zəbt etmək istəmirik axı. Sadəcə yabanı şəkildə ot bitib, biz də həmin otu biçib mal-qaramıza veririk. Bununla bağlı rayon rəhbərliyinin də icazəsini almışdıq ” deyə fermerlər bildirib. 

Onlar əlavə edib ki, əgər etdikləri qanunsuzdursa, o zaman müavinin özünə yaxın şəxslərə qarşı da eyni davranış sərgiləsin: “Orada xeyli fermer ot biçir. Onların arasında Burcalı Ağayevə yaxın şəxslər də var. Onlara heç nə demir. Amma bizə imkan vermir. Yaxşı əgər biz qanunsuz iş görürüksə, o zaman bizim kimi eyni işi görən adamlara niyə bir söz deyilmir? Bundan əlavə, orada xeyli sayda qanunsuz təsərrüfatlar fəaliyyət göstərir. Burcalı Ağayev isə onlara gözün üstə qaşın var deməyib".

Onlar məsələ ilə bağlı icra başçısına və daha yuxarı instansiyalara müraciət edəcəklərini bildirib. 

Anar

0