Hava soyuyan kimi niyə xəstələnirik?

SAĞLAMLIQ
12:20 / 11.09.2026
171

Yayın isti günlərindən sonra havanın tədricən sərinləşməsi orqanizmin gündəlik ritminə də təsir göstərir. 

Səhər və axşam saatlarında temperaturun kəskin fərqlənməsi, insanların daha çox qapalı və az havalandırılan məkanlarda olması infeksiyaların yayılması üçün əlverişli şərait yarada bilər. Bu dövrdə xüsusilə qrip, soyuqdəymə və tənəffüs yollarını əhatə edən digər virus infeksiyaları daha çox diqqət tələb edir. Mövsüm dəyişmədən xəstələnməyi gözləməkdənsə, orqanizmi payız aylarına əvvəlcədən hazırlamaq mümkündür. 

Bəs gündəlik həyatımızda hansı sadə qaydalar xəstəlik riskini azaltmağa kömək edə bilər? İmmunitetin normal fəaliyyətini dəstəkləmək üçün süfrəmizdə hansı qidalara daha çox yer verməliyik?

Professor,tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, qrip və digər respirator xəstəliklərin səbəbi viruslardır:

409481

“Lakin soyuq mövsümdə insanların davranışındakı dəyişikliklər virusların yayılması üçün daha əlverişli mühit yarada bilər. Yay aylarında insanlar daha çox açıq havada olur, pəncərələr açıq qalır, uşaqlar günün böyük hissəsini çöldə keçirir. 

Payızla birlikdə bu mənzərə dəyişir. Məktəb, bağça, universitet və iş rejimi bərpa olunur, insanlar daha çox qapalı məkanlarda və bir-birinə yaxın şəraitdə vaxt keçirirlər. Belə mühitdə bir nəfərin tənəffüs yolu infeksiyasına yoluxması həmin virusun başqalarına keçməsi üçün daha çox imkan yarada bilər”.

Həmsöhbətimiz onu da əlavə edib ki, qida rasionu kifayət qədər rəngarəng və balanslı olan şəxslər üçün əlavə vitamin və mineral preparatlarının profilaktik məqsədlə müntəzəm istifadəsi çox vaxt zəruri sayılmır: 

“Orqanizmdə çatışmazlıq müəyyən edilibsə, insanın qidalanması müəyyən səbəblərdən məhduddursa və ya həkim tərəfindən xüsusi risk müəyyənləşdirilibsə, əlavə preparatlara ehtiyac yarana bilər. Vitaminləri “nə qədər çox, bir o qədər yaxşı” prinsipi ilə qəbul etmək isə doğru deyil. Xüsusilə yüksək dozaların nəzarətsiz istifadəsi müxtəlif yan təsirlərə yol aça, bəzi orqanlara zərər verə və eyni vaxtda qəbul edilən dərmanların təsirini dəyişdirə bilər”.

Sevinc

0