Metro xətlərində aparılan dəyişikliklərdən sonra sərnişinlərin bir hissəsinin marşrut avtobuslarına yönəlməsi paytaxtda yerüstü ictimai nəqliyyata olan yükü artırıb.
Qarşıdakı həftədən məktəb və universitetlərdə tədris prosesinin başlaması ilə bu yükün daha da artacağı gözlənilir. Səhər və axşam saatlarında sərnişin sıxlığının yüksələcəyi bir vaxtda əsas sual isə budur: mövcud avtobus parkı artan tələbatı qarşılamağa hazırdırmı?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, dünyadakı bəzi milyonluq şəhər və ölkələr də ümumiyyətlə metro sistemi yoxdur:

“Belə şəhərlərdə nəqliyyat məsələsinin həlli yalnız metro şəbəkəsinin yaradılması və ya genişləndirilməsi üzərində qurulmur. Əsas diqqət bütövlükdə nəqliyyat infrastrukturunun inkişafına yönəldilir. Bu baxımdan avtobus parkının yenilənməsi, taksi xidmətlərinin genişləndirilməsi, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanın təmin olunması, dəmir yolu xətlərinin inkişaf etdirilməsi və bütün bu sistemlərin müasir tələblərə uyğun şəkildə əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu komponentlərin hər birinin inkişafı nəticə etibarilə vahid nəqliyyat sisteminin formalaşmasına xidmət edir. Burada əsas məqsəd əhalinin rahat, təhlükəsiz və problemsiz şəkildə hərəkət imkanlarını təmin etməkdir. İnsanlar gündəlik ehtiyaclarını həll etmək üçün bir məntəqədən digərinə rahat şəkildə gedib-gələ bilməlidirlər”.
Ekspert qeyd edib ki, nəqliyyat infrastrukturunda yaranan problemlərin müəyyənləşdirilməsi və onlara uyğun həll yollarının tapılması da bu prosesin mühüm tərkib hissəsidir:
“Əslində, bütün bunlar vahid və bir-biri ilə əlaqəli bir prosesdir. Nəqliyyat infrastrukturu əhalinin gündəlik həyatında vacib elementlərdən biri olduğuna görə onun ayrı-ayrı komponentlərinin paralel və koordinasiyalı şəkildə inkişaf etdirilməsi zəruridir. Müasir nəqliyyat infrastrukturunun əsas xüsusiyyətlərindən biri də məhz müxtəlif nəqliyyat növləri arasında düzgün koordinasiyanın qurulmasıdır.
Avtobus, taksi, dəmir yolu və digər nəqliyyat vasitələri bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid sistem daxilində fəaliyyət göstərməlidir. Bu istiqamətdə problemlərin düzgün müəyyənləşdirilməsi, nəqliyyatın ayrı-ayrı komponentlərinin inkişaf etdirilməsi və onlar arasında koordinasiyanın təmin olunması nəticə etibarilə daha çevik və müasir nəqliyyat infrastrukturunun formalaşmasına imkan verir”.
Sevinc

