Sümükləri parçalaya və onurğanı sındıra bilən heyvanlar: Ən ölümcülləri hansılardır?

DÜNYA
23:15 / 11.09.2026
43

Heyvanların təhlükəli silahları deyildikdə adətən ilk növbədə dişləri və caynaqları yada düşür. Lakin bir çox heyvan daha bir qorxunc silahla – quyruğu ilə təchiz olunub. 

HİT.az xəbər verir ki, bu barədə “Discover Wildlife” yazır.

Bildirilir ki, quyruqlar ovunu tutmaq, sümükləri əzmək və zəhərli tikanla ölümcül xəsarətlər yetirmək üçün istifadə oluna bilər. Onların funksiyaları sadəcə tarazlığı qorumaq və ya hərəkətə kömək etməklə məhdudlaşmır.

Tülkü köpəkbalığı

Bu köpəkbalığı bütün heyvanlar arasında ən uzun quyruğa malikdir. Bundan əlavə, quyruğunun böyük ölçüsü onu ən iri köpəkbalığı növlərindən birinə çevirir.

Bu köpəkbalığının quyruğunun üst payı oraq formasındadır və uzunluğu balığın öz bədəninin uzunluğuna çata bilər. Xüsusilə iri fərdlərdə bu göstərici üç metrə çatır. Tülkü köpəkbalıqları qrup halında ov edir: ovlarını quyruq zərbələri ilə keyləşdirir, daha sonra müqavimət göstərmək qabiliyyətini itirmiş qurbanlarını yeyirlər.

Qısaboyunlu skat

Məhz bu skat 2006-cı ildə televiziya aparıcısı Stiv İrvinə ölümcül zərbə endirib. Skatın qalın quyruğunun dibində dişli zəhərli tikan yerləşir. Heyvan bu tikanı böyük qüvvə ilə qurbanının bədəninə sancmağa qadirdir. Məlumdur ki, belə tikan qalın dalğıc kostyumunu, hətta insan sümüyünü deşə bilər.

Bu skat Atlantik okeanının ən təhlükəli canlılarından biri hesab olunur.

Qorqac balina

Qorqac balinanın nəhəng ölçüləri nəzərə alındıqda, onun quyruğu ölümcül təhlükə yarada bilər. Bununla belə, qorqac balinalar sakit təbiətli nəhənglərdir və quyruqlarından nadir hallarda hücum məqsədilə istifadə edirlər.

Yetkin qorqac balinanın çəkisi 40 tondan çox, quyruğunun eni isə 5,5 metrə qədər ola bilər. Bu balinalar tez-tez suyun səthinə quyruqla vurmaq kimi xarakterik hərəkətlər edirlər. Adətən bu, zərərsiz davranışdır, lakin heyvanın nəhəng ölçülərinə görə belə zərbə qayıq və ya üzgüçü üçün təhlükəli ola bilər.

Oxlu kirpi

Oxlu kirpi dünyanın ən dözümlü və ən yaxşı müdafiə olunan heyvanlarından biridir və təsirli müdafiə sistemi ilə tanınır. Şimali Amerika oxlu kirpisinin əzələli quyruğu təxminən 30 minədək dəyişmiş tükdən – tikanlardan ibarətdir.

Maraqlıdır ki, heyvan tikanları bədəndən çıxarıb qurbanının dərisinə sancmaq üçün quyruğu ilə zərbə endirə bilər. Tikanlar bədəndə ölümcül infeksiyaya səbəb ola, hətta daxili orqanları deşə bilər.

Daraqvari timsah

Hazırda Yer kürəsində yaşayan ən iri sürünən olan daraqvari timsahın suda hərəkət etməsinə kömək edən güclü və əzələli quyruğu var.

Uzunluğu yeddi metrə çatan və heyvanlar aləmində ən güclü dişləmələrdən birinə malik olan daraqvari timsah güclü quyruq zərbəsi ilə ovunu yerə yıxa bilər.

Məqalədə qeyd olunur:

“Belə bir zərbə təmas zamanı sümükləri sındıra bilər və ya – daha çox rast gəlinən hal kimi – qurbanı dərin suya ata bilər. Bu zaman timsah ovunun öhdəsindən gəlmək üçün güclü çənələrindən istifadə edir. Təəccüblü deyil ki, daraqvari timsah dünyanın ən təhlükəli sürünənlərindən biri hesab olunur”.

Əqrəb – “ölümcül ovçu”

Əqrəbin quyruğa bənzəyən orqanı texniki baxımdan quyruq deyil. Əsl quyruq yalnız onurğalı heyvanlarda olur. Bununla belə, mütəxəssislər *Leiurus quinquestriatus* növü əqrəbinin, yəni “ölümcül ovçu”nun quyruğunun burada qeyd olunmağa layiq olduğunu düşünürlər. Bunun səbəbi onun qurbanı iflic edə bilən son dərəcə təhlükəli iynəsidir.

Dünyanın ən ölümcül əqrəbinin zəhərindəki mürəkkəb neyrotoksin kokteyli sayəsində sancma hətta kiçik dozalarda belə güclü təsir göstərir. Sancmadan cəmi bir neçə saniyə sonra qurban hərəkətsiz qala və ya ölə bilər.

Bu əqrəb insanlar üçün də təhlükəlidir. Sağlam yetkin insan sancmadan sağ çıxa bilsə də, immun sistemi zəif olan şəxslər, eləcə də uşaqlar və yaşlılar zəhərin təsirindən ağır zərər görə, hətta iflic ola bilərlər.

Samir
 

0