Yaşıl pomidoru kilo, yoxsa paketlə almaq sərfəlidir? - QİYMƏTLƏR

İQTİSADİYYAT
15:33 / 11.09.2026
227

Payız mövsümünün gəlişi ilə paytaxt bazarlarında və satış məntəqələrində yaşıl (göy) pomidora tələbat gözəçarpan dərəcədə artıb. 

Turşu və şoraba hazırlamaq istəyən alıcılar məhsulun qiymətlərini və təklif olunan müxtəlif satış formalarını yaxından izləyirlər. 

Bəs bazarda qiymətlər necədir?
Hit.az-ın əməkdaşı bazarda yaşıl pomidorun qiyməti ilə maraqlanıb.


Hazırda bazarlarda pərakəndə satılan yaşıl pomidorun bir kiloqramı alıcılara 1 manata təklif olunur. Bununla yanaşı, satıcılar toplu alıcılara xüsusi qablaşdırılmış paket variantlarını da təqdim edirlər. Standard topdansatış paketlərinin içərisində dəqiq çəki ilə 10 kiloqram məhsul yer alır.

Həmin 10 kiloqramlıq paketlərin qiyməti satış yerindən və məhsulun keyfiyyətindən asılı olaraq dəyişir. Ən münasib qiymətə təklif olunan paketlər alıcılara cəmi 10 manata başa gəlir. Lakin bəzi piştaxtalarda eyni çəkidə olan paketlərin 12 və hətta 15 manata satıldığı da müşahidə olunur. Satıcılar qiymət fərqini pomidorun sortu, böyüklüyü və zədəsiz olması ilə əlaqələndirirlər. Çeşidlənmiş və daha hamar yaşıl pomidorlar paketləndikdə qiyməti 15 manatadək yüksələ bilir.

Alıcıların bir hissəsi tək-tək seçərək kiloqramla almağa üstünlük verdiklərini bildirirlər. Onların sözlərinə görə, paketlərin içində bəzən əzik və ya istifadəyə yararsız məhsullar çıxa bilir. Digər alıcılar isə vaxta qənaət etmək üçün hazır paketlərə üstünlük verdiklərini vurğulayırlar. Satıcılar deyirlər ki, mövsümün pik nöqtəsində qiymətlərdə cüzi tərəddüdlərin olması təbii haldır. 

Pərviz

0