İstehsal ili 10 ildən yuxarı olan avtomobillərin idxalının məhdudlaşdırılmasının hansı üstünlükləri oldu?

İQTİSADİYYAT
16:14 / 27.11.2023
688

Artıq aylardır köhnə avtomobillərin ölkəmizə idxalı məhdudlaşdırılıb. 

Belə ki, martın 28-də Nazirlər Kabineti "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Qərar qəbul edib. Bu Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb.

Maraqlıdır, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının qadağan olunmasından sonra ölkəmizdəki avtomobil bazarında hansı dəyişikliklər yaşandı? Bu qərarın hansı mənfi və müsbət tərəfləri oldu?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında bildirib ki, istehsal ili 10 ildən artıq olan avtomobillərin Azərbaycana idxalının qadağan olunması nəticəsində bir çox müsbət dəyişikliklər verdi:

338712

"Əvvəllər ölkəmizdə sanki köhnə avtomobillərin "ölüxana"sı və ya anbarı formalaşmışdı. Azərbaycana ikinci və ya üçüncü əl avtomobillər gətirilirdi. Düşünürəm ki, biz nə qədər inkişaf etsək də, dünya ilə ayaqlaşmalıyıq. Yəni dünyadakı müasir texnoloji yeniliklərin Azərbaycanda da tətbiq olunması vacibdir. Nəqliyyatda da bu texnoloji üstünlüklərdən yararlanmaq lazımdır". 

Müsahibimiz sözügedən qərarın bəzi mənfi tərəfləri olduğunu da deyib:

"Bu qərardan sonra müəyyən avtomobillərin qiyməti bahalaşdı. Hətta bəzi işbazlar qiymətləri daha da artırdılar. Həmçinin, müəyyən rüsumlarda da artım oldu. Lakin düşünürəm ki, avtomobil qiymətlərindəki bahalaşma azalmağa doğru gedəcək".

Aslan Əsədov dəyişikliyin müsbət tərəflərindən də bəhs edib:

"İstehsal ili 10 ildən yuxarı olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılmasından sonra daha çevik, innovativ və enerjiyə qənaət edən avtomobillər ölkəyə idxal olundu. Bu avtomobillərin ölkə ərazisində yayılması özünü müsbət tərəfdən göstərməkdə davam edir".

Pərviz

0