Tramp, Putin və Si Ukrayna ilə bağlı Hörmüz boğazı razılaşmasına gedə bilərlər

DÜNYA
12:44 / 16.11.2026
39

ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin rəhbəri Si Cinpin Ukraynadakı müharibə ilə bağlı mümkün razılaşmanı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirə bilərlər.

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Nəşrin təhlilinə görə, üç liderin mümkün görüşündə hər biri öz ölkəsinin maraqlarını təmin etməyə çalışa bilər. Belə bir ssenaridə Rusiya və Çin İrana təsir imkanlarından istifadə edərək Tehranın ABŞ-la Hörmüz boğazında sərbəst gəmiçiliyi təmin edən sülh razılaşmasına getməsinə nail olmağa çalışa bilər.

Bunun müqabilində Trampın Ukraynaya təzyiq göstərərək müharibəni Moskvanın şərtləri əsasında başa çatdırmağa çalışması ehtimalı müzakirə olunur. Bu, ötən il ABŞ nümayəndəsi Stiv Uitkoff tərəfindən irəli sürülmüş 28 bəndlik “sülh planı”nın yenidən gündəmə gətirilməsi ilə nəticələnə bilərdi. Həmin sənəddə Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Kiyevin hətta Rusiya qüvvələrinin nəzarətinə keçirmədiyi ərazilərdən imtina etməsi kimi Moskvanın əsas tələbləri yer alırdı.

Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) baş elmi əməkdaşı Tim Villasi-Vilsi hesab edir ki, üç ölkənin liderləri Hörmüz boğazı ilə bağlı razılaşmanı Ukrayna məsələsində güzəştlərlə əlaqələndirməyə cəhd göstərə bilərlər. Belə bir anlaşma Trampa İranla münasibətlərdə uğur qazandığını nümayiş etdirmək, Putinə Ukraynada siyasi qələbə əldə etmək, Si Cinpinə isə iki böyük beynəlxalq böhranın həllində rolunu göstərmək imkanı verərdi.

Lakin “The Telegraph” bu ssenarinin reallaşma imkanlarının məhdud olduğunu vurğulayır. Tramp indiyədək Ukrayna Prezidenti Volodimir Zelenskini müharibəni Rusiyanın şərtləri ilə başa çatdırmağa razı salmağa çalışsa da, Kiyev bu təzyiqlərə müqavimət göstərə bilib. Buna Avropa ölkələrinin ABŞ-dan gələn dəstəyin azalmasını müəyyən qədər kompensasiya etməsi də təsir göstərib.

Bundan başqa, Trampın aralıq seçkilərdə məğlub olması və Konqresdə demokratların nəzarəti ələ alması onun Rusiya ilə bağlı siyasət imkanlarını məhdudlaşdıra bilər. Nəşr hesab edir ki, Putin və Si Cinpin də bu amilləri nəzərə alaraq, ABŞ prezidentinin mümkün razılaşmalar üzrə öhdəliklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşa bilərlər.

Digər tərəfdən, Moskva və Pekinin İranı Vaşinqtonla razılaşmağa məcbur etmək imkanları da düşünüldüyü qədər geniş deyil. Tehran belə təzyiqlərə Ukraynanın ABŞ-ın tələblərinə müqavimət göstərdiyi kimi cavab verə bilər.

Məqalədə vurğulanır ki, üç liderin görüşü ciddi nəticələr vermək əvəzinə, daha çox mətbuat üçün nümayiş xarakterli hadisə ola bilər.

ABŞ-ın keçmiş diplomatı Riçard Haas isə belə bir görüşün mühüm razılaşmalarla nəticələnməməsinin daha məqsədəuyğun olduğunu düşünür. Onun fikrincə, əks halda dünya siyasətində təsir dairələrinin bölüşdürülməsinə əsaslanan yanaşma güclənə, Rusiya Avropada, Çin isə Sakit okean regionunda daha geniş fəaliyyət azadlığı əldə edə bilər.

Samir

0