İnsanın sağlamlığı ilə maraqlanması normal haldır. Lakin xəstəliklə bağlı düşüncələr gündəlik həyatın böyük hissəsini əhatə etməyə başlayırsa, bu, ipoxondriyanın əlaməti ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya akademik Roytberq adına klinikanın psixoterapevti Yelena Fedkina danışıb.
Mütəxəssisin sözlərinə görə, sağlamlıqla bağlı adi narahatlıq zamanı insan xəstəlik ehtimalını nəzərə alır, müayinədən keçir və nəticələr normal olduqda sakitləşir. İpoxondrik pozuntuda isə vəziyyət fərqlidir: analizlərin normal çıxmasına baxmayaraq, insan ciddi xəstəliyi olduğuna inanmaqda davam edir. Bədəndə yaranan hər yeni hissi təhlükəli xəstəliyin sübutu kimi qəbul edir.
Belə insanların əsas xüsusiyyətləri arasında bədənlərini daim yoxlamaq, müxtəlif xəstəliklərin əlamətlərini internetdə axtarmaq, eyni şikayətlə bağlı dəfələrlə fərqli həkimlərə müraciət etmək və ya pis diaqnoz eşitmək qorxusu ilə həkimlərdən yayınmaq var.
Fedkina bildirib ki, ipoxondriya zamanı baş ağrısı, ürək döyüntüsünün sürətlənməsi, yuxu pozuntuları və həzm problemləri kimi real fiziki əlamətlər də yarana bilər. Narahatlıq orqanizmdə həqiqi fiziki reaksiyalara səbəb olur. Bu isə həmin şikayətlərin insan tərəfindən uydurulduğu anlamına gəlmir.
Bununla belə, simptomların narahatlıqdan, yoxsa hər hansı xəstəlikdən qaynaqlandığını müstəqil müəyyənləşdirmək mümkün deyil. Buna görə də, xüsusilə yeni yaranan, güclənən və ya dəyişən əlamətlər zamanı ilk növbədə tibbi səbəblər istisna edilməlidir.
Psixoterapevtin sözlərinə görə, insana “səndə heç nə yoxdur, bunlar sadəcə əsəbdəndir” demək problemi həll etmir. Daha düzgün yanaşma müayinələrin nəticələrini izah etmək, narahatlığın yaranma mexanizmini açıqlamaq və müalicə yollarını müzakirə etməkdir.
Mütəxəssis qeyd edib ki, ipoxondrik pozuntu psixoterapiya ilə uğurla müalicə oluna bilər. Bəzi hallarda həkim əlavə olaraq dərman preparatları da təyin edir.
Bu vəziyyət bəzən təşviş pozuntuları, depressiya və obsesiv-kompulsiv simptomlarla müşayiət olunur. Müalicə edilmədikdə isə insanın sağlamlığını daim yoxlaması qapalı dövrəyə çevrilə bilər: əvvəlcə qorxu yaranır, sonra xəstəliklə bağlı təsdiq axtarılır, müvəqqəti rahatlıqdan sonra isə yeni simptom və narahatlıq meydana çıxır.
Həkim vurğulayıb ki, xəstəlik qorxusu insanın işinə, yuxusuna və sosial münasibətlərinə mane olursa, yaxud onu davamlı olaraq lazımsız müayinələrdən keçməyə vadar edirsə, psixoterapevtə müraciəti gecikdirmək olmaz.
Samir

