Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə Ukrayna müharibəsinə dair danışıqlarda iştirak etmək niyyətindən geri çəkilməyib. Halbuki Aİ liderləri onu danışıqlar qrupuna daxil etməyiblər.
Tiraj.az xəbər verir ki, Kallas bu barədə Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, danışıqlar prosesində iştirakla bağlı qərarı Aİ liderləri verib və bu, onların səlahiyyətindədir. Bununla belə, Kallas danışıqların məzmununa təsir göstərmək imkanlarının qaldığını düşünür.
Diplomat qeyd edib ki, hər ay Aİ ölkələrinin xarici işlər nazirləri ilə görüşlər keçirir. Bundan başqa, onun rəhbərlik etdiyi diplomatik xidmətdə Rusiya ilə bağlı danışıqlar təcrübəsi olan mütəxəssislər çalışır. Kallas hesab edir ki, bu imkanlar ona prosesə müəyyən töhfə verməyə şərait yaradır.
Kallas "European Pravda" nəşrinə açıqlamasında isə bildirib ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan əvvəl atəşkəsin əldə olunmasını tələb edib. Onun sözlərinə görə, Avropanı təmsil edəcək danışıqlar qrupu Rusiya ilə ətraflı sülh müzakirələrinə başlamazdan əvvəl atəşkəsə nail olmağa çalışmalıdır.
Kallas Rusiyanın irəli sürdüyü tələbləri qeyri-ciddi və absurd adlandırıb. O hesab edir ki, Moskva ilə danışıqlarda əsas tələb hərbi əməliyyatların dayandırılması olmalıdır: "Atəşi dayandırın, bundan sonra danışıqlar masasına əyləşərək sülh sazişi barədə razılığa gələ bilərik".
Xatırladaq ki, Kallas daha əvvəl Avropa adından Rusiya ilə danışıqlarda məhz özünün təmsilçi olmalı olduğunu bildirmişdi. Lakin Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen onun bu prosesə rəhbərlik etməsinə açıq şəkildə etiraz ediblər.
Bundan başqa, adı açıqlanmayan avropalı diplomat "Politico" nəşrinə açıqlamasında Kallasın danışıqlarda təmsilçi olmaq istəyini istehza ilə qarşılayıb. O, Kallasın bu vəzifə üçün mümkün namizədlər arasında, ehtimal ki, ən uğursuz seçim olduğunu bildirib.
Samir


