Gələn il dünya neft bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələyəcəyi gözlənilir. Bu vəziyyətin xam neftin qiymətinin ucuzlaşmasına səbəb ola biləcəyi bildirilir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" "Goldman Sachs Group"un analitiklərinin proqnozlarına istinadən məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, 2027-ci ildə dünya üzrə neft təklifi gündəlik tələbatı 2 milyon barel üstələyə bilər. Proqnozda mümkün tədarük fasilələri də nəzərə alınıb.
"Goldman Sachs" mütəxəssisləri Brent markalı neftin gələn il orta hesabla 88 dollar olacağını, 2027-ci ilin sonuna doğru isə qiymətin bir barel üçün 78 dollara qədər enəcəyini gözləyirlər. Bu azalmanın əsas səbəbi tədarük riskləri ilə bağlı qiymət əlavəsinin tədricən aradan qalxması olacaq.
Paris mərkəzli Beynəlxalq Enerji Agentliyi də ötən həftə ABŞ-İran münaqişəsi başlayandan bəri ilk dəfə dünya neft bazarında təklif artıqlığının yarandığını açıqlayıb.
"Goldman Sachs" analitikləri bildirirlər ki, Yaxın Şərqdən neft tədarükünün artması və digər regionlarda hasilatın genişlənməsi bazarda təklifin yüksəlməsinə şərait yarada bilər. Fars körfəzi ölkələrinin Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ boru kəmərlərinə investisiya yatırması da bu prosesə təsir göstərəcək. Analitiklər növbəti il boru kəmərlərinin ötürmə gücünün gündəlik 3,8 milyon barel artacağını proqnozlaşdırırlar.
Digər tərəfdən, dünyanın ən böyük neft idxalçısı olan Çində tələbatın zəifləməsi də qiymətlərə təzyiq göstərə bilər. Goldman Sachs hesab edir ki, avtomobil yanacağı istehlakının uzunmüddətli azalması Çində neftə gündəlik tələbatı 400 min barel aşağı sala bilər. Bankın analitikləri ölkədə neftə ümumi tələbatın 2025-ci ildə pik həddə çatdığını düşünürlər.
Qeyd edək ki, noyabrın 16-da Brent markalı neftin qiyməti bir barel üçün 96 dollar ətrafında dəyişib. Bu ilin aprelində isə qiymət 126 dolları ötərək 2022-ci ildən bəri ən yüksək gündaxili səviyyəyə çatmışdı.
Samir


