“Renault”dan SÜRPRİZ ADDIM – “Bridger” “Dacia” loqosu ilə satışa çıxacaq?

AVTO
17:00 / 12.11.2026
36

Fransanın avtomobil nəhəngi “Renault”un Hindistan bazarı üçün layihələndirdiyi kompakt SUV modeli “Bridger” barədə sürpriz məlumat yayılıb.

Hit.az xəbər verir ki, sözügedən modelin zəruri texniki və dizayn dəyişiklikləri edildikdən sonra Avropa bazarlarında “Dacia” brendi altında təqdim edilməsi nəzərdən keçirilir. 

İlkin strategiyada Avropa regionuna gətirilməsi planlaşdırılmayan modelin emissiya hədəflərini qarşılamaq və münasib qiymətli elektromobil seqmentini genişləndirmək məqsədilə qitəyə çıxarılması gündəmdədir. Lakin məsələ ilə bağlı hələlik yekun rəsmi qərar qəbul edilməyib. Avtomobilin “Dacia” ailəsindəki dəqiq adı, qiymət siyasəti və Avropa bazarları üçün təqdimat qrafiki yaxın dövrdə müəyyənləşəcək.

Qeyd edək ki, “Renault” tərəfindən mart ayında konsept şəklində nümayiş etdirilən “Bridger” kəskin və künclü gövdə quruluşu ilə klassik yolsuzluq avtomobillərini xatırladır. Avtomobilin ümumi uzunluğu 4 metrdən qısa olsa da, 20 santimetrlik (200 mm) yer səthi klirensi və baqaj qapağına bərkidilmiş ehtiyat təkəri ilə güclü arazi imici nümayiş etdirir. Üstəlik, kompakt xarici ölçülərinə baxmayaraq, model arxa sərnişinlər üçün 20 santimetrlik (200 mm) diz məsafəsi və 400 litrlik baqaj tutumu təklif edir.

Eyni zamanda, seriyalı istehsal versiyası “Renault”un yeni modulyar “RGMP small” arxitekturası üzərində inşa olunacaq. Model satışa çıxarılacağı regionların tələblərinə uyğun olaraq üç fərqli güc aqreqatı ilə təklif ediləcək:

* Benzinli mühərrik
* Hibrid güc sistemi
* Tam elektrikli (BEV) modifikasiya

Xatırladaq ki, avtomobilin ilk olaraq 2027-ci ilin sonunadək Hindistan bazarında satışa çıxarılması, ardınca isə digər qlobal bazarlara ixrac edilməsi planlaşdırılır. Ümumiyyətlə, “Dacia” brendi 2030-cu ilə qədər model sırasına dörd yeni tam elektrikli avtomobil daxil etməyi hədəfləyir. Yeni nəsil “Spring”, eləcə də “Sandero” və "Sandero Stepway" modellərinin elektrikli versiyaları artıq bu proqrama daxil edilib.

Siyahıda dördüncü model kimi nəzərdə tutulan elektrikli “Striker” krossoverinin layihədən çıxarılaraq yerinin “Bridger”ə verilə biləcəyi bildirilir. Avropa bazarlarına çıxacağı təqdirdə bu model birbaşa “Citroen e-C3” və “Fiat Grande Panda Electric” kimi kompakt şəhər elektromobilləri ilə rəqabət aparacaq.

Pərviz

0