Türkiyənin Antalya şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) işini davam etdirir.
Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, alimləri, ekoloqları, beynəlxalq təşkilatların nümayəndələrini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirən toplantının məqsədi qlobal iqlim dəyişmələrinin qarşısının alınması və onun mənfi nəticələrinin minimuma endirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə ictimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, konfrans ölkələrin Paris Sazişi çərçivəsində üzərinə götürdükləri öhdəliklərin icrasını sürətləndirmək üçün mühüm platforma rolunu oynayır:

“Burada iqlim dəyişmələrinə uyğunlaşma, istixana qazı emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi məsələləri ön plana çıxarılır. Eyni zamanda, iqlim böhranından daha çox zərər çəkən inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstəyin artırılması hədəflənir. Əsas məqsəd siyasi bəyanatları konkret fəaliyyət proqramlarına çevirmək və qlobal ekoloji təhlükəsizliyin təmin olunmasına real töhfə verməkdir”.
Ekoloq bildirib ki, COP31 çərçivəsində qlobal istiləşmə, atmosferə atılan karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı əsas müzakirə mövzularındandır:
“Su ehtiyatlarının qorunması, quraqlıq, səhralaşma, meşələrin mühafizəsi və biomüxtəlifliyin itirilməsi kimi problemlər də xüsusi diqqət mərkəzindədir. İqlim dəyişmələrinin kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına və şəhər infrastrukturuna təsirləri müzakirə edilir. Bundan başqa, iqlim maliyyələşməsi, inkişaf etməkdə olan ölkələrin texnologiyalara çıxışı və iqlim fəlakətlərindən yaranan itki və zərərlərin kompensasiyası məsələləri gündəmdədir”.
E. Cəfərlinin sözlərinə görə, toplantı diqqətçəkən mesajları ilə yadda qalacaq:
“Antalya konfransının əsas mesajlarından biri iqlim dəyişmələri ilə mübarizənin ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin ortaq məsuliyyəti olmasıdır. Beynəlxalq ictimaiyyətə çatdırılan mühüm çağırışlardan biri qəbul edilmiş ekoloji öhdəliklərin kağız üzərində qalmaması və onların icrasına real mexanizmlərin tətbiq edilməsidir.
Digər mühüm mesaj iqlim maliyyələşməsinin artırılması və ekoloji problemlərin həllində inkişaf etmiş ölkələrin daha böyük məsuliyyət daşımasıdır. Konfrans həmçinin su ehtiyatlarının qorunması, təbii ekosistemlərin bərpası və yaşıl texnologiyaların tətbiqinin gələcək nəsillərin təhlükəsizliyi baxımından vacibliyini önə çəkir. Ən mühüm çağırış isə ölkələrin siyasi maraqlardan asılı olmayaraq, iqlim böhranına qarşı birgə və koordinasiyalı fəaliyyət göstərməsidir”.
Konfransın beynəlxalq əhəmiyyətinə gəlincə, ekoloq deyib ki, COP31-in əhəmiyyəti yalnız iqlim məsələlərinin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq ekoloji siyasətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir:
“Bu platforma dövlətlər arasında təcrübə mübadiləsini, elmi əməkdaşlığı və ekoloji innovasiyaların tətbiqini genişləndirmək üçün imkanlar yaradır. Xüsusilə su qıtlığı, quraqlıq və səhralaşma təhlükəsi ilə üzləşən regionlar üçün konfransda müzakirə olunan qərar və təşəbbüslər strateji əhəmiyyət daşıyır.
İqlim maliyyəsinin əlçatan olması, təmiz enerji texnologiyalarının yayılması və təbii resurslardan səmərəli istifadə dayanıqlı inkişafın əsas şərtlərindəndir. Bu baxımdan COP31-in nəticələri gələcək onilliklərdə qlobal ekoloji təhlükəsizliyin təmin olunmasına təsir göstərə biləcək mühüm qərarların formalaşmasına zəmin yaradır”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 11-də Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində iştirakı ölkəmizin beynəlxalq iqlim diplomatiyasına verdiyi əhəmiyyətin göstəricisidir:
“Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva ilə birlikdə sammitdə iştirak edib. Azərbaycanın bu tədbirdə təmsil olunması ölkəmizin COP29-a ev sahibliyi təcrübəsinin və qlobal iqlim gündəliyində qazandığı mövqenin davamlılığını nümayiş etdirir.
Xüsusilə Azərbaycanın Türkiyə ilə ekoloji və iqlim məsələlərində əməkdaşlığı, əvvəlki konfrans təcrübəsinin bölüşdürülməsi və regional təşəbbüslərin təşviqi baxımından bu iştirak əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq iqlim proseslərində fəal iştirakı ölkəmizin yalnız enerji istehsalçısı deyil, həm də yaşıl inkişaf, ekoloji təhlükəsizlik və dayanıqlı gələcək naminə təşəbbüslər irəli sürən dövlət kimi mövqeyini gücləndirir”.
Elmir Mustafa


