Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
HİT.az xəbər verir ki, sənədə əsasən, sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, eləcə də aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.
Bu məqsədlə Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.
Nazirlər Kabinetinə altı ay müddətində sahilboyu ərazilərin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Həmçinin həmin ərazilərdə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin sərtləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.
Nazirlər Kabineti həmçinin Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazilərin sərhədlərini və ölçülərini, eləcə də onların kağız və rəqəmsal formatda qrafik təsvirini altı ay müddətində təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyinə isə sahilboyu ərazilərin idarə edilməsində Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı xəritə və məlumatlardan istifadəni təmin edən informasiya sisteminin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Bundan başqa, sahilboyu ərazilərdə torpaqların istifadəyə və icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "bir pəncərə" prinsipi əsasında, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.
Fərmanın icrası çərçivəsində müşahidə sistemlərinin qurulması, monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin aparılması, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.


