Tülkülərlə itlərin fərqi düşündüyümüzdən daha böyükdür: Əsas səbəb insandır

DÜNYA
23:51 / 21.11.2026
47

Tülkülər və itlər zahiri görünüşlərinə görə bir-birinə bənzəsələr də, genetika, qidalanma, davranış və həyat tərzi baxımından ciddi fərqlərə malikdirlər. Bu fərqlərin yaranmasında insanlarla uzunmüddətli münasibətlərin də mühüm rolu olub.

HİT.az xəbər verir ki, bu barədə “Discover Wildlife” portalı məlumat yayıb.

Hər iki heyvan itkimilər (Canidae) fəsiləsinə aid olsa da, onların təkamül yolu fərqli istiqamətlərdə inkişaf edib. İtlər təxminən 14 min il əvvəl boz canavarların nəsli kəsilmiş bir qolundan əhliləşdirilib. Əvvəlcə ovçuluqda insanlara kömək edən bu heyvanlardan sonralar mühafizə, mal-qara otarılması və yoldaşlıq məqsədilə istifadə olunub. Hazırda dünyada təxminən 450 it cinsi mövcuddur.

Tülkülər isə əsasən vəhşi həyat tərzini qoruyub saxlayıblar. Onların 12 həqiqi növü var və Antarktida istisna olmaqla, dünyanın demək olar ki, bütün qitələrində yayılıblar. Yaşadıqları mühitdən asılı olaraq görünüşləri də dəyişir. Məsələn, arktik tülkünün soyuqdan qorunmaq üçün sıx və ağ tükləri, Afrika səhralarında yaşayan fenekin isə bədənini sərinlətməyə kömək edən böyük qulaqları var.

Mütəxəssislərin diqqət çəkdiyi əsas fərqlərdən biri də qidalanmadır. Tülkülər əsasən ətlə qidalanan yırtıcılardır. İtlər isə hərtərəfli qidalanmaya uyğunlaşıblar və nişasta da daxil olmaqla, bitki mənşəli qidaları həzm edə bilirlər.

Davranış baxımından da bu heyvanlar arasında ciddi fərq mövcuddur. İtlər insanlarla minilliklər ərzində qurduqları sıx əlaqə nəticəsində onların jestlərini və davranışlarını anlamaq, onlarla ünsiyyət qurmaq qabiliyyəti qazanıblar. Tülkülər isə əsasən müstəqil və ehtiyatlı vəhşi heyvanlar olaraq qalırlar.

Bəzi it cinslərinin, o cümlədən şiba-inu, akita, korgi və pomeran şpitsinin görünüşü tülküləri xatırlatsa da, bu oxşarlıq onların yaxın qohum olduqları anlamına gəlmir.

Maraqlıdır ki, 1959-cu ildən Rusiyada gümüşü tülkülərin əhliləşdirilməsi ilə bağlı təcrübə aparılır. Araşdırmalar göstərib ki, yalnız insanlara mehriban münasibətinə görə seçilən tülkülərdə zamanla davranışla yanaşı, xarici görünüş də dəyişə bilir. Kornell Universitetinin tədqiqatçıları isə əhliləşdirilməyə meyilli tülkülərdə aqressiya ilə əlaqəli beyin nahiyəsində daha az neyron aşkar ediblər.

Bu nəticələr heyvanların əhliləşdirilməsində qorxu və aqressiyanın azalmasının mühüm rol oynadığını göstərir.

Samir
 

0