İpoteka kreditlərinin əlçatan olmasına əngəl olan SƏBƏBLƏR

İQTİSADİYYAT
15:30 / 28.10.2026
190

İpoteka ilə ev sahibi olmaq bir çox vətəndaş üçün getdikcə çətinləşir. 

Kredit faizlərinin yüksək olması, mənzil qiymətlərinin sürətlə artması və ayrılan vəsaitlərin məhdudluğu bu imkandan yararlanmağı çətinləşdirən əsas amillər sırasındadır. Bəs ipotekanın əlçatan olması üçün hansı addımlar atılmalıdır?

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hər il kreditlərin verilməsinə yönəldilir:


“Yəni fondun vəsaitlərinin istifadəsiz qalması ilə bağlı vəziyyət yoxdur. Bir vətəndaş ipoteka krediti götürməsə də, digər vətəndaş bu imkandan yararlana bilir. İpoteka kreditləri iki əsas mənbədən verilir.

Bunlardan biri dövlət vəsaiti hesabına təqdim olunan kreditlər, digəri isə kommersiya banklarının öz resursları hesabına verdiyi ipoteka kreditləridir. Son 3-4 ildə kommersiya banklarının kredit resursları bahalaşıb. Əvvəllər bəzi banklar 10 illik krediti 7-8 faizlə təklif edirdisə, hazırda bu faizlər 13-14 faizə qədər yüksəlib”.

Ekspert qeyd edib ki, kredit faizlərinin artmasına ümumi kredit bazarındakı vəziyyət, inflyasiya və Mərkəzi Bankın həyata keçirdiyi siyasət təsir göstərib:
“2023-cü ilin dekabrından etibarən kreditləşmə qaydalarının sərtləşdirilməsi də faizlərin yüksəlməsində rol oynayıb. Mərkəzi Bankın uçot dərəcəsi ilə kommersiya banklarının vətəndaşlara təqdim etdiyi kreditlər üzrə faizləri fərqləndirmək lazımdır. Uçot dərəcəsi Mərkəzi Bankın özünün təqdim etdiyi kreditlərlə bağlıdır və onun kommersiya bazarına təsiri birbaşa deyil. Kommersiya banklarının kredit faizlərinin yüksəlməsi ipotekanın vətəndaşlar üçün əlçatanlığını azaldır. 

Dövlət hesabına verilən ipoteka kreditlərinin də müəyyən məhdudiyyətləri var. İpoteka kreditlərinin iki növü var. Bunlardan biri güzəştli, digəri isə adi ipotekadır. Güzəştli ipoteka kreditləri illik 4 faizədək, digər ipoteka kreditləri isə 7,4 faizədək faizlə təqdim olunur. Güzəştli kreditlərdən yararlana bilən vətəndaşların sayı çox olduğundan bu kreditlərə tələb də yüksəkdir. Nəticədə ayrılan vəsaitlər qısa müddətdə tükənir”.

İqtisadçı söyləyib ki, güzəştli ipoteka kreditləri üçün hər il dövlət büdcəsindən vəsait ayrılır:
“Bu il də büdcədən 50-70 milyon manat civarında vəsaitin ayrılması nəzərdə tutula bilər. Həmin vəsaitlər əsasən vergilərdən və neft gəlirlərindən formalaşan dövlət büdcəsinin hesabına təmin edilir. Büdcə vəsaitləri məhdud olduğundan güzəştli ipoteka kreditlərinin həcmini qeyri-məhdud şəkildə artırmaq mümkün deyil. Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondunun öz resursları hesabına təqdim etdiyi adi ipoteka kreditlərinin də maliyyə imkanları məhduddur. 

Əsas məsələ dövlət hesabına verilən kreditlərin həcmini davamlı şəkildə artırmaq deyil, kommersiya banklarının ipoteka kreditlərini daha aşağı faizlə təqdim etməsinə şərait yaratmaqdır. Bu, vətəndaşların mənzil sahibi olmasını asanlaşdıra bilər. Dövlət büdcəsindən ipotekaya daha çox vəsait ayrılması digər xərclərə də təsir göstərə bilər. Çünki büdcədən bir sahəyə əlavə vəsait yönəldilməsi üçün başqa istiqamətlər üzrə imkanlar nəzərə alınmalıdır. Bu baxımdan, dövlətin maliyyə resurslarının limitsiz olmadığını nəzərə almaq vacibdir”.

X. Kərimli diqqətə çatdırıb ki, ipoteka kreditlərinin əlçatanlığına mane olan digər əsas amil mənzil qiymətlərinin sürətlə artmasıdır: 
“Fondun verdiyi kreditlərin əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində yerləşən daşınmaz əmlakın alınmasına yönəldilir. Bu ərazilərdə mənzil qiymətlərinin yüksəlməsi isə vətəndaşların ev almaq imkanlarını daha da məhdudlaşdırır. İpoteka kreditlərinin həcminin artırılması mənzil bazarında tələbi yüksəldərək qiymət artımına da təsir göstərə bilər. Buna görə də yalnız kreditlərin sayını artırmaqla problemi həll etmək mümkün deyil. Mənzillərin daha əlçatan olması üçün tikinti həcmi artırılmalı, bazara daha çox mənzil çıxarılmalıdır. 

Bakı şəhərinin mərkəzində boş tikinti sahələrinin azalması, torpaq qiymətlərinin bahalaşması və tikinti imkanlarının məhdudlaşması yeni mənzillərin inşasını çətinləşdirir. Bu səbəbdən şəhərin kənar ərazilərində tikintinin genişləndirilməsi də əhəmiyyət daşıyır. İpoteka kreditlərinin faizlərinin aşağı salınması və mənzil təklifinin artırılması birlikdə həyata keçirilməlidir. Yalnız bu halda vətəndaşların mənzil əldə etmək imkanlarını yaxşılaşdırmaq mümkün olar”.

Sevinc

0