Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Çanaqqaladan Bakıya – Ortaq mədəniyyət” adlı sərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşını, mədəni dəyərlərini və sivilizasiya irsini sənət vasitəsilə nümayiş etdirir.
Hit.az xəbər verir ki, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Çanaqqala Onsekiz Mart Universitetinin təşkilatçılığı ilə keçirilən sərginin açılışı Bakıdakı Opera Studiyası Zalında baş tutub.
Tədbir hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Açılış mərasimində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Azərbaycanın Türkiyədəki səfiri Birol Akgün, Çanaqqala Onsekiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu, Ezine rayonunun icra nümayəndəsi Yusuf Kaptanoğlu, Ezine və Geyikli bələdiyyələrinin rəhbərləri, Azərbaycan millət vəkilləri, alimlər, sənətçilər və digər qonaqlar iştirak ediblər.
Çanaqqala Onsekiz Mart Universitetinin rektoru Ramazan Cüneyt Erenoğlu sərginin “Bir millət, iki dövlət” prinsipi əsasında həyata keçirilən mədəni əməkdaşlığın mühüm nümunəsi olduğunu vurğulayıb. O, universitetdə müxtəlif ölkələrdən minlərlə beynəlxalq tələbənin təhsil aldığını, onların arasında azərbaycanlı gənclərin xüsusi yer tutduğunu qeyd edib.
Ezine rayonunun icra nümayəndəsi Yusuf Kaptanoğlu Çanaqqalanın türk xalqının müstəqillik uğrunda mübarizəsinin və fədakarlığının rəmzi olduğunu bildirib. Onun sözlərinə görə, Bakı isə Azərbaycan-Türkiyə qardaşlığının və ortaq mədəni dəyərlərin yaşadıldığı mühüm mərkəzdir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ortaq tarixə, qarşılıqlı fədakarlığa və möhkəm mənəvi bağlara əsaslandığını söyləyib. Diplomat Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış insanların xidmətlərini ehtiramla xatırladıb.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz isə sərginin Azərbaycan və Türkiyə arasında tarixi-mədəni birliyin nümayişi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sərgidə Türkiyə və Azərbaycandan olan sənətkarların əsərləri nümayiş olunur. İncəsənətin universal dili ilə təqdim edilən əsərlər iki xalqın ortaq tarixi və mədəni irsini, mənəvi yaxınlığını və qarşılıqlı dəyərlərini əks etdirir.
Layihə iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində institusional əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyir. Sərginin təşkilinə dəstək verən Çanaqqala Onsekiz Mart Universitetinə, Ezine rayon rəhbərliyinə, Ezine və Geyikli bələdiyyələrinə təşəkkür bildirilib.
Sərginin növbəti mərhələsi oktyabrın 30-da Şamaxı Yaradıcılıq Mərkəzində keçiriləcək. Ekspozisiya 10 gün ərzində Şamaxı sakinləri və şəhərin qonaqları üçün açıq olacaq.

















