Deputat: “Prezident Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çox vacib məsələlərə toxundu”

SİYASƏT
12:44 / 28.10.2026
268

“Azərbaycan Prezidenti canab İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı çox mühüm məqamlara toxundu”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlətimizin başçısı çıxışı zamanı xüsusilə Azərbaycan mədəniyyətinin səciyyəvi xüsusiyyətlərinə diqqət çəkərək və bunu tarixi kontekstdə qiymətləndirib:


“Cənab Prezident əcdadlarımızdan bizə miras qalan zəngin etno-mədəni strukturumuzun bu gün də yaşandığını və inkişaf etdiyini bir daha vurğulayıb. Azərbaycan Lideri ölkəmizin mədəni zənginliyinin bu coğrafiyanın əsl sahiblərinin birgə yaşayışı kontekstində qiymətləndirib. Əlbəttə ki, bu təsvir də özlüyündə Azərbaycanın multikulturalizminin demoqrafik və etnoqrafik daxili strukturunu əks etdirir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın milli gücünün zənginliyi məhz onun müxtəlifliyindədir:
“Bu isə tarixdə sübut olunmuş bir reallıqdır. Hətta 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan qarşıdurması, eləcə də 44 günlük Vətən müharibəsi zamanı monoetnik və multietnik cəmiyyətlərdən hansının daha güclü olduğu növbəti dəfə göründü. Nəticədə, əzəli və əbədi torpaqlarımızı işğal edərək, onları azərbaycanlılar və digər xalqlardan təmizləyərək monoetnik dövlət yaradan Ermənistan sonda multietnik Azərbaycana məğlub oldu”.

Deputat diqqətə çatdırıb ki, birlikdən doğan güc vahid mənbədən gələn gücdən daha üstün və qətiyyətlidir:
“Prezidentin xalqımızın milli-etnik köklərinə bağlılığını və bunun yaratdığı böyük üstünlükləri izah edərkən istinad etdiyi bu nöqtələr Azərbaycan xalqının və mədəniyyətinin milli gücünün göstəricisidir. Hesab edirəm ki, belə mötəbər bir forumda bunların səsləndirilməsi çox əhəmiyyətli məsələdir”.

Elmir Mustafa

0