Pekin Universitetinin Birinci Xəstəxanasının tədqiqatçıları müəyyən ediblər ki, iqlim dəyişiklikləri ilə bağlı ekoloji narahatlıq gələcək nəsillərə fizioloji səviyyədə təsir göstərə bilər. Məlum olub ki, hava hadisələri ilə bağlı elmi proqnozların qeyri-müəyyənliyi hamilə qadınlarda güclü stress yaradır və bu, onların hələ doğulmamış uşaqları ilə emosional bağını zəiflədə bilər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Public Health" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 537 hamilə qadının vəziyyəti təhlil edilib. Məlum olub ki, iqlim dəyişiklikləri ilə bağlı elmi qeyri-müəyyənliyin subyektiv qavranılması doğuşdan əvvəlki narahatlıq səviyyəsi ilə birbaşa əlaqəlidir.
Gələcək ana ekoloji təhlükələrin gözlənilməzliyi ilə bağlı nə qədər çox narahatlıq keçiribsə, dölə emosional bağlılığı bir o qədər zəif olub. Yüksək narahatlıq səviyyəsi isə iqlim stresinin ana instinktinə mənfi təsirini gücləndirən əsas amil kimi çıxış edib.
Alimlər bu fenomeni daimi ekoloji fəlakət gözləntisinin beyini təhlükələrin monitorinqi rejimində işləməyə məcbur etməsi ilə izah edirlər. Bu proses qadının psixoloji resurslarının böyük hissəsini tükəndirir və körpə ilə müsbət emosional bağın formalaşmasına kifayət qədər resurs qalmır.
Beləliklə, iqlimlə bağlı qeyri-müəyyənlik orqanizmin hamiləliyə uyğunlaşmasına mənfi təsir göstərən gizli psixososial risk faktoru kimi çıxış edə bilər.
Ənənəvi olaraq qlobal istiləşmənin sağlamlığa təsiri əsasən fiziki amillər – həddindən artıq isti hava və ya atmosfer çirklənməsi – prizmasından qiymətləndirilib. Lakin mütəxəssislər son vaxtlar sinir sisteminə ciddi təsir göstərə bilən "eko-narahatlıq" probleminə daha çox diqqət yetirirlər.
Öz növbəsində, doğuşdan əvvəlki stress vaxtından əvvəl doğuş, körpənin aşağı çəki ilə dünyaya gəlməsi və dölün beyin inkişafında pozuntular riski ilə əlaqələndirilir.
Tədqiqat müəlliflərinin fikrincə, səhiyyə sistemi yeni reallıqlara uyğunlaşmalıdır. Bunun üçün hamiləliyin aparılması üzrə standart proqramlara iqlim riskləri ilə bağlı məlumatlandırma və psixoloji dəstək daxil edilməlidir.
Mütəxəssisin vaxtında göstərəcəyi yardım stress səviyyəsini azaltmağa və ana ilə uşaq arasındakı normal fizioloji əlaqəni bərpa etməyə kömək edə bilər. Bununla da gələcək nəsillərin sağlamlığının qlobal istiləşmənin mümkün nəticələrindən qorunmasına töhfə vermək mümkündür.
Samir


