İlk tanışlıq zamanı bəzi təhlükəli davranışlar güclü simpatiya, qarşı tərəfin xarakter xüsusiyyəti və ya insanın öz həssaslığı ilə əlaqələndirilərək gözardı edilə bilər. Lakin psixoloqlar bildirirlər ki, müəyyən davranışlara vaxtında diqqət yetirmək gələcək münasibətlərdə ciddi problemlərin qarşısını ala bilər.
HİT.az xəbər verir ki, Ukraynanın UNİAN nəşrinə görə, psixoloq İrina Şenye potensial partnyorla tanışlıq zamanı diqqət edilməli bir sıra “qırmızı bayraq”ları açıqlayıb.
Hisslərini ifadə edə bilməməsini sadəcə xarakter xüsusiyyəti hesab etməyin
İlk siqnallardan biri emosional qapalılıqdır. Qarşı tərəfin hissləri barədə danışmamasını onun sadəcə bu mövzuda çətinlik çəkməsi ilə izah etmək mümkündür. Lakin psixoloqun sözlərinə görə, bəzən bu, insanın öz emosiyalarını tanımaması və onlarla sağlam şəkildə əlaqə qura bilməməsi ilə bağlı ola bilər.
Mütəxəssis yalnız insanın hissləri haqqında nə qədər gözəl danışdığına deyil, öz emosional vəziyyətini anlayıb-anlamadığına və ona uyğun davrana bilib-bilmədiyinə diqqət yetirməyi tövsiyə edir.
İlk görüşlərdə həddindən artıq səmimiyyət də siqnaldır
Maraqlıdır ki, yalnız emosional qapalılıq deyil, həddindən artıq açıqlıq da narahatedici ola bilər. İnsan tanışlığın ilk mərhələsində çox şəxsi məlumatları paylaşır və aradakı məsafəni sürətlə aradan qaldırmağa çalışırsa, bunun səbəbinə diqqət etmək lazımdır.
Psixoloq bunun bəzi hallarda şəxsi sərhədlərlə bağlı problemdən xəbər verə biləcəyini bildirir. Belə davranış gələcəkdə partnyorun şəxsi məkanına müdaxilə, icazəsiz telefon götürmək və ya “yox” cavabına məhəl qoymamaq kimi hallarda özünü göstərə bilər.
Qarşı tərəfin yanında özünüzü necə hiss etdiyinizə diqqət edin
Psixoloq potensial partnyorun davranışı ilə yanaşı, insanın öz emosional və fiziki vəziyyətini də nəzərə almasını tövsiyə edir.
Görüş zamanı güclü narahatlıq, gərginlik və ya fiziki diskomfort yaranırsa, bunu tamamilə görməzlikdən gəlmək olmaz. Eyni zamanda görüşdən sonra yaranan hisslər də vacibdir.
Mütəxəssisin fikrincə, qarşı tərəfə həddindən artıq bağlanmaq, daim onun diqqətini gözləmək və əlaqəni itirmək qorxusu insanın əvvəlki emosional travmalarının aktivləşməsi ilə əlaqəli ola bilər. Sadəcə maraq və sakit şəkildə tanımaq istəyi isə daha sağlam yanaşma hesab olunur.
“Zarafat” adı altında davamlı təhqir
Alçaldıcı və sancan sarkazm da diqqət edilməli əlamətlərdən biridir. Belə davranış bəzən gizli passiv aqressiyanın forması ola bilər.
Lakin psixoloq qeyd edir ki, bir dəfə uğursuz zarafat etmək avtomatik olaraq insanın təhlükəli olduğunu göstərmir. Əsas məsələ qarşı tərəfin xəbərdarlığa reaksiyasıdır.
Əgər partnyor zarafatının narahatedici olduğunu anlayır və xahişdən sonra davranışını dəyişirsə, bu, normal vəziyyət sayıla bilər. Əksinə, təhqiramiz zarafatlar dəfələrlə təkrarlanır və qarşı tərəf qoyulan sərhədlərə məhəl qoymursa, bu, ciddi xəbərdarlıq siqnalıdır.
Problemi şəxsi narahatlıqdan necə ayırmaq olar?
Psixoloq bunun üçün üç əsas qaydaya əməl etməyi məsləhət görür:
Faktları şəxsi yozumlarla qarışdırmayın. Qarşı tərəfin konkret nə etdiyinə baxmaq, onun davranışına öz keçmiş təcrübəniz əsasında məna yükləməmək vacibdir.
Davranışın dinamikasını izləyin. Tək bir hadisə əsasında nəticə çıxarmaq əvəzinə, davranışın təkrarlanıb-təkrarlanmadığına və insanın sizin sərhədlərinizə münasibətinə diqqət yetirmək lazımdır.
Münasibəti sürətlə ideallaşdırmayın. Güclü simpatiya qarşı tərəfin mənfi davranışlarını görməyə mane ola bilər. Buna görə tanışlığın ilk mərhələsində özünüzü “bu, mənim axtardığım insandır” fikrinə məcbur etmək əvəzinə, münasibətə zaman vermək daha doğru yanaşmadır.
Psixoloqun fikrincə, zaman və diqqətli müşahidə ilk görüşlərdə yaranan adi həyəcanla həqiqətən narahatedici davranışları bir-birindən ayırmağa kömək edir.
Samir


