Naxçıvan Muxtar Respublikasının (MR) bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlaması planlaşdırılır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.
Nazirin sözlərinə görə, Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayıb, həmçinin 68 imtiyazlı şəxs mənzillə təmin olunub.
"Növbəti hədəfimiz muxtar respublikanın bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlamasıdır", – F.Bağırzadə vurğulayıb.
O qeyd edib ki, hazırda bütün rayonlarda qəbul şöbələrinin fəaliyyətə başlaması istiqamətində əsaslı təmir işləri aparılır.
Nazir əlavə edib ki, növbəti əsas hədəflərdən biri də Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasıdır:
"Bura əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərən bir mərkəzdir və Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Artıq həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir".
F.Bağırzadə layihələndirmə işlərinin yekunlaşdığını, yaxın aylarda mərkəzdə əsaslı təmir işlərinə başlanılacağını bildirib.


