Almaniya yaxın vaxtlarda baş vermiş diversiya hücumlarından sonra Avropadakı tərəfdaşlarını Rusiya vətəndaşlarının turist vizaları ilə Avropa İttifaqına girişinə daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırır.
HİT.az xəbər verir ki, Almaniya hakimiyyəti həmçinin Rusiya pasportuna sahib Belarus vətəndaşının pilotsuz uçuş aparatları və partlayıcı maddələrdən istifadə etməklə Leypsiq hava limanına hücum etməyə cəhd göstərməsi ilə bağlı araşdırma aparır. İlkin məlumata görə, həmin şəxs Şengen zonasına Belarusun paytaxtı Minskdəki İtaliya səfirliyinin verdiyi turist vizası ilə daxil olub.
“The Guardian”ın yazdığına görə, Almaniyanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına çox sayda viza verilməsindən narazılıq ifadə edib.
“Rusiya vətəndaşlarına Avropa İttifaqında istirahət etmək üçün verilən vizaların sayı həddindən artıq çoxdur”, – deyə nazirliyin nümayəndəsi bildirib.
Bununla yanaşı, hökumətə yaxın mənbələr bildirirlər ki, Rusiya vətəndaşlarına verilən vizaların sayının çoxluğu Ukraynadakı müharibə ilə əlaqədar sanksiyaların ruhuna ziddir və Aİ-yə kimin, hansı məqsədlə daxil olduğunu izləməyi mümkünsüz edir.
“Euractiv”in məlumatına görə, 2025-ci ildə İtaliya digər Aİ ölkələrindən daha çox Şengen vizası verib. Bununla yanaşı, İtaliya, Fransa və İspaniya Rusiya vətəndaşlarının bütün viza müraciətlərinin dörddə üçünü qəbul edib.
Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və Çexiya Aİ-nin ümumi tədbirlərindən daha sərt milli məhdudiyyətlər tətbiq edərək Rusiya vətəndaşlarına viza verilməsini demək olar ki, tamamilə dayandırıb. Lakin bir sıra digər üzv dövlətlər çox sayda viza verməyə davam edir, bəzi ölkələrdə isə vizaların sayı hətta artır.
Bundestaqda hakim Xristian Demokrat İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə aparıcı ekspertlərindən biri olan Roderix Kizevetter Aİ-ni ruslar üçün turist vizası proqramını dərhal dayandırmağa çağırıb. O, proqramı həm təhlükəsizlik, həm də mənəvi baxımdan “əsassız” adlandırıb.
Kizevetter Aİ-ni Rusiya vətəndaşlarına viza verilməsini “mütləq minimuma” endirməyə çağırıb.
“Ruslara turist vizalarının həddindən artıq verilməsi Rusiyanı təcrid etmək üzrə Avropa strategiyasına ziddir. Bu, məhz Kremlin terror rejimindən faydalanan varlı ruslar üçün münasibətlərin normallaşdığı barədə yanlış təsəvvür yaradır”, – deyə o bildirib.
Samir


